2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasında COVID 19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyanın keçirilməsi, habelə ötən il mart və dekabr aylarında BMT İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamələrin qəbul edilməsi məhz Azərbaycan Prezidenti tərəfindən Qoşulmama hərəkatına üzv dövlətlər adından irəli sürülüb. "Başqa sözlə, Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi. "Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik", - deyə cənab Prezident bildirib ki, Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi: "Şahidi olduğumuz digər vacib bir həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya - qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar".
Dövlət başçısı beynəlxalq tribunalardan respublikamızın münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bildirsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərirdi. Ermənistan, nəinki atəşkəsə əməl etmir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini kobud şəkildə pozmaqda davam edirdi. Nəhayət Azərbaycan ədaləti bərpa etdi. "Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər", – deyə Azərbaycan Prezident bildirib.
Cənab Prezident onu da vurğulayıb ki, bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur: "Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir". Dövlət başçısının qeyd etdiyi kimi, 2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktikanın döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı.
Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir