Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı region ölkələrinin əməkdaşlığının gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Xəzər dənizi dünyada mühüm geosiyasi əhəmiyyətinə və zəngin karbohidrogen ehtiyatlarına görə seçilən bölgələrdən biridir. XXI əsrin əvvəllərindən etibarən beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər, təkqütblü dünya çoxqütüblü sistemə transformasiyası və qloballaşma tendensiyası nəticəsində Xəzər dənizi və Qafqaz regionu yenidən öz əhəmiyyətinə görə dünya siyasətinin əsas hədəflərindən birinə çevrilmişdir. Xəzəryanı ölkələrin liderlərinin müntəzəm görüşmələrini şərtləndirən çoxsaylı amillər sırasında bölgənin önəmini xüsusi qeyd edə bilərik. Zəngin enerji resurslarına, Avropa ilə Asiyanı birləşdirən, Qara dənizədək və oradan da daha geniş coğrafiyaya qədər uzanan neft-qaz boru kəmərlərinə və nəqliyyat dəhlizlərinə malik olması Xəzər hövzəsi regionunu beynəlxalq miqyasda çox mühüm geosiyasi və geoiqtisadi önəmə malik bölgə kimi səciyyələndirir.
Xəzər hövzəsi regionunda çoxsaylı enerji və nəqliyyat layihələri reallaşdırılıb və bu layihələrin həyata vəsiqə qazanmasına Azərbaycan da özünün sanballı töhfələrini verib. Azərbaycanın ümumi inkişafa töhfə verməyə yönələn səyləri və təşəbbüsləri region dövlətləri tərəfindən də yüksək qiymətləndirilir və dəstəklənir. Heç təsadüfi deyil ki, son illərdə məhz Azərbaycanın təşəbbüsləri və fəal iştirakı ilə Xəzər hövzəsi regionunda bir sıra ikitərəfli və çoxtərəfli siyasi, iqtisadi əməkdaşlıq platformaları yaranıb. Prezident İlham Əliyev Zirvə Toplantısındakı çıxışında respublikamızın Xəzəryanı ölkələrlə münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluq hissi ilə nəzərə çatdırıb.
Məlum olduğu kimi, cənab Prezident İlham Əliyev iyun ayının 29-da Xəzəryanı dövlətlər üçün olduqca mühüm əhəmiyyət kəsb edən Xəzəryanı Dövlətlərin Başçılarının VI Zirvə Toplantısında iştirak edib. Ölkə Başçısı Zirvə Toplantısı çərçivəsində çıxışında bir çox önəmli məqamlara diqqət çəkmişdir. Xəzər dənizin strateji əhəmiyyətini xüsusilə vurğulayan cənab Prezident bildirmişdir ki, “Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır”. Əlbəttə Xəzəryanı ölkələrin bir-birilə olan dostluq, əməkdaşlıq münasibətləri bu ölkələrin xalqlarının rifah halının daha da yaxşılaşmasına, iqtisadi əlaqələrin daha da inkişaf etməsinə təkan verir.
Məcid Əhmədov,
YAP Pirallahı rayon təşkilatının sədr müavini
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir