05 iyul 2022 22:14
670

Bakının sülhə, təhlükəsizliyə və  əməkdaşlığa verdiyi töhfə

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan Respub­likası son 18 ildə nəinki müstəqil dövlət kimi beynəlxalq mövqeyini formalaşdırdı,  həm də mənsub olduğu regionda liderliyi ələ alaraq, dünya siyasi proseslərində söz sahibinə çevrildi. Prezident İlham Əliyevin məqsədyönlü və qətiyyətli xarici siyasət kursu sayəsində bu gün Azərbaycan Respublika­sı Türk Dünyası və İslam ölkələri arasında mötəbər status qazanmış, ABŞ və Avropa Birli­yinin Şərqdə ən etibarlı strateji müttəfiqlərindən birinə çevrilmişdir.

Qarşıdurmalar və konfliktlərlə müşahidə olunan müasir dünya düzənində Azərbaycanın ədalətli və sülhpərvər mövqe tutması dövlətimizin nüfuzuna xüsusilə müsbət təsir göstərir. Bu baxımdan Qoşulmama Hərəkatı ölkəmizin xarici siyasətində mühüm mövqe tutur.  Prezident İlham Əliyevin müstəsna fəaliyyəti və təşəbbüskar siyasəti nəticəsində  Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin vacib ünvanına çevrilmişdir. Məhz bu səbəbdəndir ki, qurumun bir çox tədbirlərinə Bakı evsahibliyi edir.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 40-dan çox ölkənin nümayəndəsinin qatıldığı konfransın mövzusunun “Dünyada sülhün və dayanıqlı inkişafın təşfiqində milli parlamentlərin ro­lunun gücləndirilməsi”  formatında müəyyən edilməsi də təsadüfi deyil. Müharibələr və siyasi konfliktlərlə zəngin olan müasir siyasi düzəndə Bakının dünyaya sülh və inkişaf mesajı verməsi xüsusi bir hadisədir.

Beynəlxalq məclisi iştirakı ilə şərəfləndirən və dərin məzmunlu çıxışı ilə müzakirələrə yön verən Azərbaycan lideri İlham Əliyev Qoşulma­ma Hərəkatını Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ikinci ən böyük beynəlxalq təsisatı adlandıraraq,  qurumun Parlament şəbəkəsinin yaradılmasının ölkəmizin irəli sür­düyü və fəal dəstək qazanan yeganə təşəbbüs olmadığını diqqətə çatdırdı. Prezident gələn ay Bakıda keçiriləcək növbəti bir tədbirin–gənclər şəbəkəsinin anonsunu verdi. Ölkəmiz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulmasına baxmayaraq ,  öz fəaliyyəti ilə Azərbaycan bu qurumda ilk günlərdən həmrəylik, qarşılıqlı dəstək təşəbbüsləri ilə çıxış edib.

Prezident İlham Əliyev konfransda Azərbaycanın ötən dövrdə Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə fəal şəkildə cəlb olunmasının məntiqi nəticəsi olaraq ölkəmizin bu nüfuzlu quruma sədrlik etmək üçün namizədliyinin yekdil şəkildə dəstəklənərək qəbul edildiyini mənmumluqla xatırladı.  Bundan başqa, dövlətimizin başçısı 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına 2023-ci ilin sonuna kimi sədrliyinin uzadılma­sını ölkəmizə əlavə bir etimad və fəaliyyətimizə verilən yüksək qiymət kimi dəyərləndirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin  konfransda bildirdiyi kimi: “Bu gün, zənnimcə, Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirilir. Burada - Bakıda biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradırıq. Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni za­manda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq”.

Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, rəsmi Bakının sülhə, təhlükəsizliyə, müasir əməkdaşlığa verdiyi töhfəsidir.

Samirə Zeynalova,

YAP Tərtər rayon təşkilatının mühasibi