05 iyul 2022 19:51
772

Azərbaycan hər zaman beynəlxalq hüquq və ədalətin tərəfində dayanıb

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıq­lı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransın Bakıda keçirilməsi ölkəmizin dünyada sülh və tərəqqi işinə böyük töhfələr verməsinin göstəricisidir. Prezident İlham Əliyev konfransdakı çıxı­şında da bu faktı diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan hər zaman həm regional, həm də qlobal məsələlərdə öz mövqeyini nümayiş etdirir.

Azəbaycan Qoşulmama Hərəkatının sədri kimi, ədalətsizliyə qarşı beynəlxalq hüququn qorunması uğrunda mübarizəni bundan sonra da davam etdirəcək. Dövlət Başçımız qeyd etdi ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə – bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Ölkəmizin hərəkata üzv dövlətlərin fəal dəstəyini daim hiss etdiyini vurğula­yan Cəmab Prezident Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi zamanı üzvlərin yekdil həmrəyliyinin şahidi olduğunu bildirdi. Respublikamızın təşkilata sədrlik müddətinin uzadılması da hərəkata üzv dövlətlərin Azərbaycana dəstəyinin bariz nümunəsidir. Möhtərəm Prezidentimiz respublikamızın tarixi və mədəni irsinin işğal dövründə ermənilər tərəfindən məhv edildiyini diqqətə çatdırdı.

Dövlət başçımızın konfransdakı çıxışı Qoşulmama Hərəkatının sədri qismində üzvlər arasında çoxşaxəli əməkdaşlıq vasitəsilə hərəkat daxilində birliyin daha da gücləndirilməsinə sadiqliyin nümunəsidir. Qoşul­mama Hərəkatı Parlament Şəbəkəsinin konfransı öz fəaliyyəti vasitəsilə qlobal miqyasda parlamentlərarası əməkdaşlığa öz töhfəsini verəcək. Konfrans iştirakçıları Azərbaycanın Qoşulmama Hərəkatında liderliyinin və ölkənin təşkilata verdi­yi töhfənin şahidi olublar. Buna görə təşkilatın sədri  Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Prezident  İlham Əliyevin Qoşulmama  Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında­kı çıxışında vurğulandığı kimi, suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi  “Ban­dunq prinsipləri” bu təşkilatın təməlində dayanır. Azərbaycan zor  tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulmasının qətiyyən qəbuledilməz olduğunu  hər zaman  bildi­rib, bütün  ölkələrin  suverenliyi və ərazi bü­tövlüyü prinsiplərini tam dəstəkləyib. Bax, elə buna sadiq   olduğuna görə də sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün  2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulub. Qısa müddət ərzində Azərbaycan  Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazanıb, 2016-cı ildə Qoşulmama  Hərəkatının liderlərinin  yekdil  qərarı ilə 2019-2022-ci illər üçün   Qoşulmama  Hərəkatının sədri  seçilib.

Azərbaycaın bu təşkilata sədrliyi çox çətin və mürəkkəb dövrü əhatə edir. Belə ki, ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşdü. Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə çox aktiv fəaliyyət göstərirdi. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi istiqamətində ən bariz nümunələrdən biri idi. Bunun nəticəsində biz 2020-ci ilin dekabrında uğurla keçirilmiş, COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT  Baş  Assambleyanın xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü irəli sürdük. Bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməyib, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu.

Məhz bu səbəblərdəndir ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin üzv dövlətlərin dəvəti ilə daha bir il uzadılması istənildi. Respublikamız bu təşkilata sədrliyi dövründə söz-əməl vəhdətinə sadiqliyini nümayiş etdirib, üzv ölkələrin maraqlarının, beynəlxalq hüquq və ədalətin tərəfində dayanıb.

Gündüz Alıkişiyev,

YAP Tərtər rayon təşkilatının əməkdaşı