Prezident İlham Əliyev cari ilin iyunun 27- də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda keçirilən 11-ci sessiyasında videoformatdakı nitqində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün atılan addımlardan, 30 il erməni işğalı altında qalan torpaqlarımızda aparılan iri miqyaslı bərpa-quruculuq işlərindən, bu sahədə ölkəmizin əldə etdiyi tərəqqi, azad olunmuş ərazilərin dirçəldilməsi, bu torpaqlara həyatın qaytarılması, şəhərlərimiz üçün daha yaxşı gələcəyin təmin olunması istiqamətində göstərilən səylərdən bəhs etmiş, şəhərlərin inkişafı üçün yaradılan yeni imkanlar, yenidənqurma prosesində qarşıya qoyulan hədəflər və ətraf mühitin qorunması prioritetlərindən, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşaasından söz açmışdır.
Prezident İlham Əliyev Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş Forumda çıxış etməkdən məmnun olduğunu bildirərək qeyd etmişdir ki, 2030-cü ilə qədər Dayanıqlı İnkişaf gündəliyi və Yeni Şəhər Gündəliyi dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Qeyd etmək lazımdır ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.
Dövlətimizin başçısının çıxışında vurğulandığı kimi, 2022-ci il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi ölkəmiz üçün əhəmiyyətli və inkişaf göstəricilərinin yüksək olduğu, işğaldan azad etdiyimiz ərazilərimizin dirçəldilməsi ili kimi tariximizdə önəmli yer tutur. Bu il də torpaqlarımız yenidən qurulur, inkişaf etdirilir, əvvəlki görkəminə qaytarılır.
Prezidemt İlham Əliyevin siyasi iradəsinin, Azərbaycanın iqtisadi sahədə qazandığı uğurların məntiqi nəticəsi olaraq bu gün paytaxt Bakı ilə yanaşı işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması, 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-ocaqlarına qayıdışlarının təmin edilməsi əsas vəzifələrdən biridir. Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.
İşğalçı və terrorçu mahiyyətini öz cılız siyasəti və nankor əməlləri ilə sübut edən Ermənistan bir an belə olsa bu çirkin niyyətlərindən əl çəkməyib, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı misli görünməmiş vandalizm aktları törədib. Qədim tarixi, əsrlərlə yaşı olan şəhər və kəndlərimizi qəsdən dağıdaraq, xalqımızın tarixi irsini özündə əks etdirən izlərin silinməsinə kobud cəhdlər edilib. Hər bir tarixi, mədəni və dini abidəni talan edərək həmin ərazilərin tarixini saxtalaşdırmağa, süni şəkildə erməniləşdirməyə çalışıblar. Azərbaycan xalqının heysiyyətinə toxunaraq, məscidlərimizdə heyvan saxlayaraq, ümumilikdə İslam aləmini təhqir edib, insanların inanclarına qarşı vəhşi münasibət sərgiləyiblər.
“Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib.” Bu sözləri ilə Prezident İlham Əliyev çıxışı zamanı erməni vandallarının törətdikləri vəhşiliyin və vandalizmin, dağıntıların tam miqyasını diqqətə çatdırmışdır.
Dövlət başçısı İlham Əliyev çıxışında xüsusilə vurğulamışdır ki, Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danşıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. İnanırıq ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər.
Prezident İlham Əliyev onu da əlavə edib ki, hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ağır yaralanıb.
Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yudlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı “ağıllı kəndi” dünyanın ən müasir kəndlərindən biridir.
Bu gün ermənilərin işğal altında saxladıqları ərazilərdə basdırdıqları minaların təmizlənməsi prosesi davam edir. Azərbaycan azad edilmiş ərazilərdə şəhər planlaşdırmasını həyata keçirir, ”yaşıl enerji və “sıfır tullanti” konsepsiyalarını tətbiq edir. İşğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edilib. Eyni zamanda Zəngilan və Laçın rayonlarında daha iki hava limanının tikintisi davam edir.
İşğaldan azad edilmiş bəzi şəhərlərin Baş planları hazırdır. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulur. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır.
Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.
Şəhər və kəndlərimizin yenidənqurulması və bərpasında başlıca məqsəd və əsas hədəf keyfiyyət və sürəti birəşdirmək, ətraf mühiti qorumaq, ekoloji təhlükəsizlyi təmin etməkdir.
Azərbaycanın öz maliyyə resursları hesabına aparılan iri miqyaslı yenidənqurma işləri, azad edilmiş ərazilərimizdə şəhər inkişafı sahəsində ölkəmizin nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşən Prezident İlham Əliyev bir daha bildirmişdir ki, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək.
Azərbaycan hər sahədə böyük və təkmil təcrübəsi ilə dünyaya numunə olaraq yeni uğurlara doğru addımlayır. Paytaxtımız Bakı ilə yasnaşı bütün bölgələrimiz, geniş bərpa-quruculuq işlərinin mərkəzi olan Qarabağ torpaqlarımızda şəhər və kəndlərimiz yenidən qurulur, tikinti- quraşdırma işləri geniş vüsət almaqdadır. Böyük Qayıdışın qısa zamanda reallığa çevrilməsi, işğaldan azad edilmiş ərazilərdə müasir və abad yaşayış mühitinin formalaşdırılması üçün atılan addımlar sistemli xarakter daşıyır.Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq.
Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsinin həyata keçirilməsi ilə bağlı əməkdaşlığın əhəmiyyətini qiymətləndirən Prezident İlham Əliyev BMT-nin Yaşayış Məskənləri Proqramının (“UN-HABİTAT”) icraçı direktoru xanım Maimuna Mohd Şərifin Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələri qarşlıqlı əməkdaşlıq üçün faydalı addım adlandırıb.
Prezident Ilham Əliyev çıxışının sonunda böyük məmnuniyyətlə élan etmişdir ki, “Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır. Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır.”
Mürsəl Əliyev,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru, YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatının sədri, texnika elmləri doktoru, professor.
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir