Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artmaqdadır. Hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşan, məsuliyyətli tərəfdaş olan Azərbaycan dövləti obyektiv mövqeyini, humanitar missiyasını və ədalətlilik prinsipini qorumuşdur.
Qoşulmama Hərəkatına sədrliyi dövründə də dövlətimiz hər zaman Bandunq prinsiplərinin təşviqinə öz töhfəsini verməyə çalışır, beynəlxalq həmrəyliyə çağırışlar edir. Bandunq prinsipləri ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi Azərbaycan tərəfindən qəbul edilir. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.
Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi irəli sürülmüş yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs Gənclər Şəbəkəsidir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil. Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə baş verdi. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir.
Bildiyimiz kimi ölkəmizin Qoşulmama Hərəkatına rəhbərliyi COVİD-19 pandemiyası ilə üst-üstə düşdü. Bütün dünyanı çətin sınaq qarşısında qoyan bu xəstəliklə mübarizədə dövlətimizin gördüyü tədbirlər, atdığı mühüm addımlar sözün əsil mənasında nümunəyə çevrildi. Verdiyi bütün qərarlarında əhalinin sağlamlığını, təhlükəsizliyini düşünən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri oldu.
Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Azərbaycanın səyləri təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir. Təşəbbüsümüzlə hazırlanmış ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş istifadə olunmuşdur. Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunub və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır.
Azərbaycan peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idi.Pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan ola bilsin üç və ya dörd dəfə çox peyvəndləri tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi. Digər ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələr peyvəndlərin mütləq əksəriyyətindən istifadə edirdi. Buna görə də peyvənd millətçiliyinə qarşı mübarizəmiz Beynəlxalq Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir.
Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcək.
Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib. Qoşulmama Hərəkatında təmsil olunan ölkələr anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Bu hadisə ölkəmizə olan böyük etimadın, uğurlu diplomatiyanın və ədalətli mövqeyin nəticəsi idi.
Əminik ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artacaq, dövlətimiz yeni-yeni diplomatik uğurlara imza atacaqdır.
Qənimətli Solmaz,
E.Piriyev adına Böyük Bəhmənli kənd 1№li tam orta məktəbin kimya müəllimi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir