Ermənistanın baş naziri Nikol Paşinyanın ötən həftə Laçın şəhərinin və dəhlizinin Azərbaycana veriləcəyi barədə açıq bəyanatı Ermənistan müxalifətini yenidən hiddətləndirib. Təbii ki, Paşinyan burada Amerika kəşf etməyib. Bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli Bəyanatın bir maddəsidir. Əslində, bu Bəyanat həm də 44 günlük müharibədən məğlub çıxan Ermənitstan üçün kapitulyasiya aktı idi.
Paşinyanın məlum bəyanatından sonra Ermənistan müxalifəti yeni aksiyalara başlamaq qərarına gəlib. Onların qənaətinə görə, bu, Paşinyan hakimiyyətinin siyasi iradəsizliyinin və Azərbaycan qarşısındakı qorxaqlığının pik nöqtəsdir.
Hətta Laçın şəhərinin tamamilə Azərbaycana qaytarılmasının məcburi vəziyyət olduğunu anlayan ermənilər artıq şəhəri talayır və yandırırlar. Bu barədə Ermənistandakı sosial şəbəkə istifadəçiləri videogörüntülər də paylaşırlar. Bildirilir ki, talanın əsas təşkilatçıları erməni hərbçiləridir. Bu hadisələr bir daha göstərir ki, Ermənistan Azərbaycan Ordusunun yaratdığı reallıqlar qarşısında aciz vəziyyətdədir. Xüsusilə Ermənistanın ləngitməyə çalışdığı Zəngəzur dəhlizinin açılması da tezliklə reallaşacaq. Məlum faktdır ki, bu dəhliz region dövlətləri ilə yanaşı, beynəlxalq siyasi-iqtisadi mərkəzlərin də maraq dairəsinə daxildir. Ona görə də Ermənistanın Zəngəzur dəhlizini əngəlləmək imkanları tükənir. Xüsusilə dəhlizin reallaşdırılmasında Azərbaycan və Türkiyə ilə bərabər, Avropa və Asiya ölkələri də öz iqtisadi maraqları çərçivəsində israr edirlər.
Ekspertlər isə bu qənaətdədirlər ki, Avropa və Asiyanı Zəngəzur dəhlizi üzərindən əlaqələndirmək mümkün olarsa, bu marşrutun illik iqtisadi-ticari dövriyyəsi 3-5 trilyon dollar arasında dəyişə bilər. Xüsusilə də Rusiya -Ukrayna savaşına görə o bölgədə məhdudlaşdırılan ticarət marşrutlarının yerini Zəngəzur dəhlizi tuta bilər ki, bu da Avropa və Asiya dövlətləri üçün strateji əhəmiyyət daşıyacaq.
Məhz Qərbin Zəngəzur dəhlizinin açılmasında israrlı olması erməniləri qorxuya salıb. Təbii ki, bütün bunlar Ermənistan cəmiyyətindəki revanşist təbliğatın acı nəticəsidir. Bəzi müasir düşüncəli erməni ziyalıları bu etiraz mitinqlərini «Qarabağ klanı»nın liderləri Robert Koçaryan və Serjik Sarkisyanın yeni hoqqabazlıqları kimi qəbul edirlər. Bəzi başıpozuq erməni siyasətçiləri isə hələ də 44 günlük müharibədə biabırçı məğlubiyyətin təsirindən çıxa bilmirlər. Ona görə də onlar hətta gələcəkdə Ermənistanın inkişaf perspektivlərinə müsbət təsir edə biləcək iqtisadi addımlara da şübhə ilə yanaşırlar. Əsas iddiaları ondan ibarətdir ki, əgər Zəngəzur dəhlizi açılarsa, Ermənistanın cənub bölgəsi Azərbaycan və Türkiyənin iqtisadi nəzarəti altına keçə bilər.
Xüsusilə sonuncu Brüssel görüşündən sonra revanşistlər bu məsələni Paşinyan hakimiyyətinə qarşı əsas antitəbliğat mövzusuna çeviriblər. Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətinin mövqeyini nəzərə almadan Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdə ittiham olunur və onun bu addımı Ermənistanın maraqlarına xəyanət kimi dəyərləndirilir. Ona görə də Ermənistan rəsmiləri Zəngəzur dəhlizinə görə üzləşdikləri ittihamlara izahat vermək məcburiyyətində qalıblar. Hətta Ermənistan parlamentinin rəhbəri Alen Simonyan bildirib ki, bu mövzuda Paşinyan hakimiyyətinə qarşı irəli sürülən ittihamlar əsassızdır: «Çünki Zəngəzur dəhlizi revanşistlərin təsəvvür və təbliğ etdiyi qədər də Ermənistanın ziyanına deyildir. Bu marşrut necə adlanmasından asılı olmayaraq, yalnız Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirməyəcək, həm də Ermənistanın şimal hissəsinin Naxçıvan üzərindən cənub bölgəsi ilə daha asan nəqliyyat-kommunikasiya əlaqəsi yaratmasına imkan verəcək.»
Təbii ki, Zəngəzur dəhlizi ilə bağlı prosesin hərəkətə gətirildiyi artıq inkaredilməz reallıqdır. Əvvəldə də qeyd etdiyimiz kimi, nə revanşist erməni müxalifəti, nə də Paşinyan hakimiyyəti bu proseslərə əngəl olmaq imkanlarına malik deyillər.
Elçin Zaman, «İki sahil»
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir