04 iyul 2022 17:06
1064

Minsk qrupu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi

Artıq ölkəmiz daha bir nüfuzlu beynəlxalq təşkilatın tədbirinə ev sahibliyi etməklə öz möhtəşəmliyini dünyaya yenidən  nümayiş etdirdi. Belə ki, Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin Bakı konfransı dünyada gündəm oldu. Qeyd edək ki, «Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi» mövzusuna həsr olunmuş konfransda 40-dan çox ölkənin parlament nümayəndə heyəti, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edirdi. Üç gün davam edən konfransda «Bakı Bəyannaməsi» və « Qoşulmama Hərəkatının Patlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə» qəbul edilib.

Tədbirdə möhtərəm Prezidentimiz İlham Əliyev çıxış etmişdir. Prezidentimizin çıxışında çox önəmli məsələlərə toxunulmuşdur. Vurğulanmışdır ki,  Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və həmçinin  Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi də önəmli  fəaliyyəti ilə diqqət çəkir. Bundan başqa, digər mühüm bir təşəbbüs Gənclər Şəbəkəsidir ki, bunlar ümumilikdə Qoşulmama Hərəkatının institusional inkişafı üçün  dəyərli addımlardır. Ən önəmlisi isə dövlətimizin təklif etdiyi və üzv dövlətlər tərəfindən dəstəklənən məsələ Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.

Tədbirdə digər önəmli məsələ isə Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsidir. Belə ki,  Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə reallaşdı və 120 ölkənin yekdil qərarı ilə ölkəmizin 2023-cü ilin axırına kimi hərəkata sədrliyi uzadıldı.

Təbii ki, ölkələr arasında  dostluğun və əməkdaşlığın inkişafında parlament diplomatiyasının da mühüm yeri var. Bu barədə möhtərəm Prezidentimiz bildirmişdir ki, parlament şəbəkəsi təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.

 Benyəlxalq tədbirdə ATƏT-in Minsk qrupunun  ötən illərdəki fəaliyyətindən narazılığını ifadə edən ölkəmizin başçısı  xüsusi vurğuladı ki, Minsk qrupu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi: « Azərbaycan xalqı təqribən 30 il ərzində gözləyirdi ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və Azərbaycan torpaqlarını əbədi işğal altında saxlamaqdan ibarət idi. Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.»

Tədbirdə cənab Prezident Ermənistan-Azərbaycan münaqişəsinə də diqqət yönəltdi. Bildirdi ki, «Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi».

Prezident İlham Əliyev  xüsusi vurğaladı ki, Azərbaycan öz gücünə bu qətnamələri icra etdi. 2020-ci ilin noyabrın 10-da 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan təslim olmağa və məğlubiyyətini etiraf etməyə məcbur oldu.

Elnur Əmiraslanov,

YAP Hacıqabul rayon təşkilatının sədri