Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı region ölkələri arasında əməkdaşlığının gücləndirilməsində böyük əhəmiyyət kəsb edir. Xəzəryanı ölkələrin güclü iqtisadiyyata, zəngin enerji resurslarına, iki qitəni - Avropa ilə Asiyanı birləşdirən və Qara dənizə, oradan da Avropaya qədər uzanan neft-qaz boru kəmərlərinə və nəqliyyat dəhlizlərinə malik olması regionun beynəlxalq önəmini kifayət qədər artırır.
Azərbaycan Xəzəryanı ölkələrlə qarşılıqlı əlaqələrə böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin Zirvə Toplantısında çıxışı zamanı dediyi kimi, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.
Qeyd edək ki, indiyədək Xəzər hövzəsi regionunda xüsusən Azərbaycanın müəllifi olduğu çoxsaylı enerji və nəqliyyat layihələri reallaşdırlıb. Region ölkələrinin qarşılıqlı fəaliyyətinin əsasında bütün tərəflərin mənafelərinin nəzərə alınması dayanır. Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipi ölkələr arasında sağlam münasibətlərin formalaşmasını şərtləndirir. Region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin həyata keçirilməsi Xəzər dənizi ətrafındakı ölkələrin milli maraqlarına tam olaraq cavab verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Eləcə də, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Əməkdaşlığın artırılması, bir sıra əlaqələrdə rentabelliyi təmin etmək üçün müvafiq infrastrukturun yaradılması, loqistik imkanların genişləndirilməsi bu günümüzün ən aktual məsələlərindəndir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında ikitərəfli və çoxtərəfli müqavilələr bağlanıb. Bölgə inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməkdədir.
Ölkəmizin səyləri və təşəbbüsləri region dövlətləri tərəfindən də yüksək qiymətləndirilir və dəstəklənir. Son illərdə məhz Azərbaycanın təşəbbüsləri və fəal iştirakı ilə Xəzər hövzəsi regionunda bir sıra iqtisadi əməkdaşlıq platformaları yaradılıb. Prezident İlham Əliyev Zirvə Toplantısındakı çıxışında respublikamızın Xəzəryanı ölkələrlə münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluq hissi ilə nəzərə çatdırıb. Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanmasında dövlət başçımızın mühüm rolunun olması beynəlxalq səviyyədə etiraf olunub. Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Müxtəlif marşrutlar üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların həcmi ildən-ilə artır.
Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətini qeyd edərək onun gələcəkdə Xəzəryanı dövlətlərin öz aralarında əməkdaşlıq və əlaqələrinin güclənləsində mühüm rol oynayacağını bildirib.
Ölkəmizin dünya miqyasında göstərdiyi mövqe və reallaşan layihələr həm regionda, həm də beynəlxalq tranzit yollarının, nəqliyyat infrastrukturunun və həmçinin Xəzər dənizinin təbii sərvətlərinin, bioloji ehtiyatlarının qorunmasına, qarşılıqlı iqtisadi əməkdaşlığın inkişaf edən xətt üzrə yüksəlməsinə təkan verəcəkdir.
Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir