04 iyul 2022 14:58
750

Tarixi ədaləti bərpa edən Zəfər yolu

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında iştirak edən Prezident İlham Əliyev çıxışında bir sıra vacib məqamlara toxunub.

Dövlətimizin başçısı Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışaraq bildirib ki, biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik: “Lakin əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya - qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar. Təəssüflər olsun ki, bu, sadəcə, şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq.”

İşğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti 30 il davam edib. İşğal müddətində ərazilərimiz düşmən tərəfindən talan edilib, qeyri-qanuni məskunlaşdırılma aparılıb, tarixi və mədəni irsimiz dağıdılıb. Bununla da Azərbaycanın ərazi bütövlüyü pozulub. Həmin vaxtdan başlayan sülh danışıqları, ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan addımlar heç bir nəticə vermədi. 30 il ərzində bunu gözlədik ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım etsin. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni, işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi.

Həmsədr ölkələr işğalçı ilə işğala məruz qalan ölkəyə fərq qoymadılar. İşğalçı Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsini (822, 853, 874 və 884) pozaraq, torpaqlarımızdan çıxmadı. Düşmən bütün bunlarla kifayətlənməyib, digər ərazilərimizin də ilhaq olunması məqsədilə işğalın nəticələrini möhkəmləndirmək istiqamətində ardıcıl məkrli addımlar atırdı. Qəsbkarlar münaqişənin siyasi həlli əleyhinə yönələn təxribat xarakterli bəyanat və hərəkətlərə üstünlük verdilər. Onlar ərazilərimizi nəinki boşaltmadılar, əksinə, yeni ərazilər işğal etməyə cəhd göstərirdilər. Tovuz döyüşləri buna bariz nümunə idi. Nəhayət, işğalçının 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı genişmiqyaslı təcavüzündən sonra Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatı keçirməyə məcbur oldu. Prezident İlham Əliyevin gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, rəşadətli ordumuzun gücü sayəsində Azərbaycan Vətən müharibəsində tarixi Qələbə qazandı.

Prezident İlham Əliyev konfransda İkinci Qarabağ müharibəsindən danışarkən həmçinin qeyd edib ki, biz ədaləti bərpa edirdik: “Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər.”

Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.

Ötən illər ərzində Azərbaycan beynəlxalq mövqelərini gücləndirib, dünyanın ən müxtəlif ölkələri ilə əlaqələrini yüksək səviyyəyə çatdırıb. Bu uğurlu əməkdaşlıq Ermənistanın havadarlarının Azərbaycana qarşı birləşdiyi məqamlarda öz müsbət nəticəsini verir, haqq səsimizin beynəlxalq kürsülərdə eşidilməsinə şərait yaradır.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın döyüş meydanında qazandığı qələbələr, xarici siyasətdə qazandığı bütün uğurlar və nailiyyətlər Prezident İlham Əliyevin səmərəli fəaliyyətinin, xalqımızın dövlət başçımıza dərin inam və etimadının məntiqi nəticəsidir.

Meydanəli Yolçiyev,

YAP Daşkəsən rayon təşkilatının sədri