04 iyul 2022 10:27
1164

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük hörmətin əlamətidir

Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.

Qoşulmama Hərəkatı (QH) heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forum kimi BMT-dən sonra dünya dövlətlərinin ən böyük təşkilatı hesab olunur. Hərəkatın başlıca məramı Soyuq müharibədən sonra dünyanın inkişaf etməkdə olan ölkələrinin birliyi və həmrəyliyini təmin etmək, dünyanın iki güclü qütbündən (SSRİ-ABŞ) birinə tərəfkeşlik etməməklə öz tərəfsizliyini qoruyub saxlamaq məqsədi daşıyır.

Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.

 Ölkəmizin 11 il əvvəl Qoşulmama Hərəkatı ailəsinin üzvü olması, qısa müddət ərzində Hərəkatda olduqca böyük nüfuz və etimad qazanması 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədr seçilməsinə səbəb oldu.

Bu, Azərbaycan Respublikasının beynəlxalq aləmdə yüksək nüfuz qazanmasına bariz nümünədir. Ölkəmiz 2019-cu ilin oktyabr ayında Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil etdi və böyük bir nüfüzlu təşkilata rəhbərliyi öz üzərinə götürdü. Zirvə görüşündə cənab Prezident İlham Əliyev bir daha vurğulamışdı ki, Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atacaq.

Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik dövrü üçün müfəssəl və ambisiyalı fəaliyyət planı qəbul etmişdir. COVID-19 pandemiyasının dünyanı bürüməsi ölkəmizdə də bəzi çətinliklər yaratdı. Amma buna baxmayaraq, ölkə rəhbərliyinin çevik və adekvat fəaliyyəti Hərəkatın beynəlxalq səviyyədə səmərəli iş aparmasına nail oldu.

Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib ki, bunlar da ümumdünya səviyyəsində təqdir olunub.

30 iyun 2022-ci ildə Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığını təsdiqləyir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”.

Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Nəticə etibarilə, dünyanın 120 dövləti, Azərbaycanın ədalətli mövqeyinə öz dəstəyini ifadə edib.

İkinci Qarabağ müharibəsi ərəfəsində dövlətimizin bu hərəkata üzv ölkələrlə qurduğu münasibətlər nəticəsində Azərbaycan əleyhinə qəbul edilə biləcək mümkün qətnamənin qarşısı alındı.

44 günlük müharibə vaxtı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dövlətlər bəzi ölkələrin anti-Azərbaycan mahiyyətli bəyanatını bloklayıb, ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane olublar. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi Azərbaycanın beynəlxalq aləmdə öz sözünü deməsində əhəmiyyətli rol oynayıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və təbii ki, Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir.

30 iyun 2022-ci ildə Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin sonuna kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir. Prezident İlham Əliyevin iştirakı ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının keçirilməsi Azərbaycan tərəfinin təşkilatın inkişafına növbəti töhfəsi kimi tarixə düşdü. Cənab prezidentin vurğuladığı kimi “Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcək.”

Aynur Tağıyeva,

Humanitar fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi