04 iyul 2022 09:53
918

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi tarixi əhəmiyyət kəsb edir

Qoşulmama Hərəkatı (QHH) BMT-dən sonra 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatın təmsil olunduğu dünyanın ən böyük təsisatıdır. 1955-ci ildə İndoneziyada keçirilən Bandunq Konfransında bu hərəkatın prinsipləri işlənib hazırlanmış,  5-12 iyun 1961-ci ildə Misirin paytaxtı Qahirədə Birinci Sammitinin hazırlıq mərhələsi keçirilmişdir.

Hərəkatın əsas məqsədi dünyanın iki qüdrətli ölkələrindən olan SSRİ-ABŞ tərəfini tutmadan soyuq müharibədən sonra dünyanın inkişaf etməkdə olan ölkələrinin birliyini təmin etmək, habelə onların neytrallığını qorumaq idi.  Qoşulmama Hərəkatının əsas prinsiplərinə BMT Nizamnaməsinə uyğun olaraq aşağıdakı əsas maddələr daxildir:

-bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə hörmət,

-hər bir xalqın fərdi və ya kollektiv şəkildə özünümüdafiə hüququna hörmət və BMT Nizamnaməsinə uyğun olaraq milli müstəqillik hərəkatını tanımaq;

- bütün irqlərin və xalqların bərabərliyinin tanınması;

-hər hansı bir ölkənin ərazi bütövlüyünə qəsd etməkdən və onun daxili işlərinə qarışmaqdan çəkinmək;

-BMT Nizamnaməsinə uyğun olaraq bütün münaqişələrin sülh yolu ilə həlli;

-insan hüquqlarına hörmət;

-müxtəlif  xalqlar, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında qarşılıqlı hörmətin qorunması, dialoqun inkişafı və tolerantlığın təşviqi;

-qarşılıqlı maraq və əməkdaşlığın təşviqi;

-ədalətlilik və beynəlxalq öhdəliklərə uyğunluq.

Hazırda Hərəkatda bir-biri ilə ziddiyyət təşkil edən, müxtəlif mövqelər tutan, digər güclü dövlətlərlə müəyyən ittifaq və bloklar çərçivəsində birləşən, ikitərəfli hərbi əməkdaşlıq əlaqələri quran dövlətlər çoxdur. Lakin QH-nın prinsiplərinə görə, bu əməkdaşlıqdan üzv dövlətlərin           qanunlarına xələl gətirən, güclü dövlətlərin mənafeyinə xidmət edəcək şəkildə istifadə edilməsi hərəkatın təməl ideyalarına ziddir.

QH üçüncü ölkənin səslərini qoruyan platformadır. Beynəlxalq siyasətdə qütbləşmənin dərinləşməsi şəraitində  kiçik və zəif dövlətlər bu qütbləşmənin tərəflərindən birini seçərək ikiqütblü müharibənin alətinə çevrilirlər. Onların təbii sərvətləri müharibə təərəflərindən birinə xərclənir, əraziləri hərbiləşdirilir, baza kimi istifadə edilir və nəticədə kiçik bir ianə müqabilində güclü dövlətlərin faktiki asılılığına çevrilir.

Dövlət başçısının müəyyən etdiyi strateji tapşırıqlara uyğun olaraq, Azərbaycan 2019-2022-ci illərdə dünyanın 120 ölkəsinin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edir. 2018-ci ilin aprelində Qoşulmama Hərəkatı üzv dövlətlərinin Bakıda keçirilmiş xarici işlər nazirlərinin toplantısında çıxış edən Prezident İlham Əliyev hərəkatın əsasını təşkil edən Banduq prinsiplərinə uyğun olaraq Azərbaycanın sədrliyinin prioritetlərini, beynəlxalq sülh və təhlükəsizliyi möhkəmləndirmək istiqamətində baxışını təqdim etdi. Yürüdülən siyasətin nəticəsidir ki, Azərbaycan bu gün həm də qlobal əhəmiyyətli strateji dialoq platforması rolunda çıxış edir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2020-ci ilin aprelində və Qoşulmama Hərəkatının Təmas Qrupunun 2020-ci ilin aprelində keçirilən zirvə toplantıları pandemiya ilə milli, regional və qlobal səviyyədə birgə mübarizəni əhatə edib. Sonuncu tədbirdə dövlət başçısı qlobal təhlükə mənbəyinə - COVID-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi məqsədinə xidmət edəcək BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını təklif edib.

Cənab Prezidentin təşəbbüsü ötən ilin mayında Nyu-Yorkda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunda müzakirə edilmiş, yekdilliklə dəstəklənmiş və Qoşulmama Hərəkatının adından BMT Baş katibinə müraciətin qəbul edilməsi qərara alınmışdır. Bundan sonra Prezident İlham Əliyev mayın 13-də Qoşulmama Hərəkatının sədri kimi BMT-nin baş katibinə müraciət edib. Bu müraciət əsasında BMT-nin baş katibi üzv dövlətləri təşkilatın Nizamnaməsinin 20-ci maddəsi əsasında mayın 28-də BMT Baş Assambleyasının xüsusi sessiyasını çağırmağa çağırıb. Azərbaycan Prezidentinin bu təşəbbüsü BMT Baş Assambleyasının 130-dan çox üzvü tərəfindən birmənalı şəkildə dəstəkləndi. Bu ölkələrə Qoşulmama Hərəkatının 120 üzvü ilə yanaşı, Avropa İttifaqı, Asiya, Afrika və Latın Amerikasının aparıcı dövlətləri də daxildir. 

QH sammitinin Bakıda keçirilməsi və bu ildən Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi tarixi əhəmiyyət kəsb edir. Azərbaycan güclü dövlətlərin əhatəsində qeyri-sabit geostrateji platformadadır. İran və Rusiya kimi iki qüdrətli dövlətin əhatəsində olan Azərbaycan iki qütb arasında neytral mövqeyini qoruyub saxlayır, bir tərəfdən müstəqilliyini və suverenliyini təmin edir, digər tərəfdən isə neytral və sülhməramlı dövlət kimi çıxış etmək hüququ əldə edir. Belə olan halda o, Qoşulmama Hərəkatının üzvü kimi rəqib dövlətlər arasında əlaqə rolunu oynama ehtimalı daha yüksəkdir. Sədr olduğu müddətdə təkcə ölkəmizin deyil, regionun ümumi təhlükəsizlik maraqlarını müdafiə etməyə qadir olan Bakı dünya birliyi tərəfindən münaqişə tərəflərini neytral səviyyədə sülh prinsipləri ətrafında toplayır. Gələcəkdə münaqişə tərəfləri arasında sülhün bərqərar olması və bu istiqamətdə fəaliyyətinin genişləndirilməsi üçün bir platforma olması və öz mövqeyini ortaya qoyması, şübhəsiz ki, çox mühüm ola bilər.

Prezident İlham Əliyevin beynəlxalq rezonans doğuran təşəbbüsü təsdiq etdi ki, Azərbaycan dövlətinin sözünün dünyada məna və çəkisini müəyyən edən həlledici amil onun lideri, Prezident İlham Əliyevin yüksək nüfuzudur.

Aytac Əkbərzadə

Heydər Əliyev adına liseyin informatika müəllimi