03 iyul 2022 20:15
966

Səsimiz dünya miqyasında eşidilir

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünya sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərinin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransda Prezident İlham Əliyevin çıxışı zamanı anlaşıldı ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır.

Prezident İlham Əliyev konfrans zamanı bir sıra məsələlərə aydınlıq gətirib.Parlament şəbəkəsi təkcə bizim irəli sürdüyümüz və dəstəyini qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.

Prezident hesab edir ki, inkişaf istiqamətində atılan addımlar beynəlxalq arenada maraqlarımızı qorumağa, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək. Azərbaycan Qoşulmama Hərəkatının yeni üzvüdür. Azərbaycan Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildən qoşulmuş və fəaliyyətinin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhvəsini verməyə çalışmışdır. Biz Bandunq prinsipləri ilə tamamilə razıyıq və bu prinsiplərin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas  kimi qəbul edirik. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işinə müdaxilə etməmə-bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, ədalətsizlik olmazdı.

Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərarları ilə ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 ildə belı selektiv yanaşmaya məruz qalıb. Belə yanaşmadan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamışdır, insan hüquqlarını pozmuşdur.

44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı.

İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyimizi vurğuladı. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər.

 Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunmuşdur. Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin əsas səbəbi bu idi.120 ölkənin bu möhtəşəm yekdil dəstəyi 2016-cı ildə nümayiş etdirilmiş və 2019-cu ildə Bakıda Qoşulma Hərəkatının Zirvə toplantısı təşkil edilərək müvəffəqiyyətlə keçirilmişdir. 2019-2022-ci ilə qədər sədrlik üzərimizdədir. Qoşulmama Hərəkatına sədrliyimizin yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılmasını ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlaməti kimi qəbul edirik. Biz buna görə dəstəkləri doğrultmaq və düzgün seçim nümayiş etdirmək üçün əlimizdən gələni edəcəyik.

Konfransın sonunda isə “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edildi, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olundu, qurumun sədri və sədr müavinləri seçildi.

Vüsalə Nurməmmədzadə,

Bakı şəhəri, Xətai rayonu, 17 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi