03 iyul 2022 13:49
782

Qoşulmama Hərəkatından Qoşulmama Təşkilatına doğru, Parlament Şəbəkəsi və 1933-cü il hadisəsi.... Aydın Quliyev yazır

Qoşulmama hərəkatının Parlament Şəbəkəsinin Bakı toplantısındakı müzakirələr və Azərbaycan prezidentinin  məruzəsi ən azı iki istiqamətdə hərəkatın bundan sonrakı fəaliyyətinə öz təsirini  göstərəcək .Bu fikrimi prezident Əliyevin söylədiyi bəzi  mətləbləri xatırlatmaqla konkretləşdirmək istərdim. Cənab İlham Əliyev indiyə qədər Hərəkatın daha təkmil olması naminə həm başqa zamanlarda, başqaları tərəfindən, həm də Azərbaycanın özünün  etdiyi təşəbbüs və cəhdlərin iki əsas  hədəfini xatırlatdı.Bir onu qeyd etdi ki,təşəbbüslər hərəkatın fəaliyyət səmərəsini və funksionallığını artıracaq.Bir də qeyd etdi ki, hərəkatın beynəlxalq nüfuzu və mövqeyi güclənəcək. Bütün bunlardan sonra hərəkatın gələcək fəaliyyətinin iki mühüm nəticəsini konkret ifadə etmək olar.

1.hərəkatın struktur və funksionallıq baxımından təkmilləşməsi.

2.Dünya siyasətində önəmli təsir gücünə çevrilməsi.

İndi isə hər iki hədəfin gerçəkləşməsi  fonunda Hərəkatın Parlament Şəbəkəsinin Bakıdakı müzakirələrinin roluna baxaq.

Hərəkatın yekcins siyasi platformaya və rəvan daxili münasibətlərə malik olmaması təkzibolunmaz  faktdır. Onu güclü və yekcins quruma çevirməyin hələ çox çətin problem olması da məlumdur.Lakin "siyasətdə mümkün olmayan şey yoxdur" məntiqini sadəcə  siyasətdən başqa üstəlik beynəlxalq münasibətlərə də şamil etsək ,mənzərə bir qədər də qətiləşər ki, dünya siyasətində hər şey ola bilər.O cümlədən Qoşulmama hərəkatının güclü beynəlxalq təşkilata çevrilməsi və BMT-nin  indiki deqradasiya - delegitimasiya dövründə hətta onu üstələməsi ,onun rəqibinə çevrilməsi  və  ya BMT-ni köklü özünüdəyişdirmə islahatlarına vadar etməsi...Niyə də mümkün olmasın?Kim deyə bilər ki, BMT  lazım olanda hər şeyə dişi batan ,olmayanda heç nəyə dişi batmayan bir amorf  qurum vəziyyətində əbədi yaşayacaq? Hitler 1933-cü ildə Millətlər Cəmiyyətini üç qəpiklik təşkilat yerinə qoyaraq onu tərk etmədimi,əslində onu ləğv etmədimi?Nə vaxtsa BMT-nin özünün də belə günə düşməyəcəyini  kim iddia edə bilər ? BMT-nin öz prinsip və qaydalarını yerinə yetirə bilməməsi ,ikili yanaşma metodu ilə işləməsi,bir çox hallarda konkret dövlətlərin maraqlarına üstün şəkildə uyması,TŞ-nin prinsipsiz quruma çevrilməsi, BMT-nin bütünlüklə özünü gücləndirmək və təkmilləşdirmək potensialını itirməsi fakt deyilmi? O da fakt deyilmi ki,BMT TŞ-nin  öz prinsiplərinin ziddinə qərar qəbul etməyə açıqca cəhd etməsi kimi bir rüsvayçılığın qarşısını Qoşulmama hərəkatına üzv və Azərbaycanın müttəfiqləri olan  ölkələr almadılarml?Bu hadisə 44 günlük müharibədə baş verdi və 2020-ci il oktyabrın 25-də MQ-nin üç həmsədr ölkəsinin də dəstəklədiyi Qarabağda atəşkəs sazişi barədə qətnamənin qarşısını məhz Hərəkat üzvü olan ölkələr aldı. Heç şübhə edilməməlidir ki, bu fakt Qoşulmama hərəkatının gücünün  və daha böyük gücə çevrilmək perspektivinin göstəricisidir.Prezident Əliyev Parlament Şəbəkəsinin Bakı toplantısında bu fakta təsadüfən vurğu etmədi.Demək, Qoşulmama hərəkatı həqiqətən strukturlaşmış və güclü monolit təşkilata çevrilmək şansına və potensiallarına malikdir .Odur ki, Bakıda Hərəkatın təşkilata çevrilməsi barədə Prezidentin səsləndirdiyi ideyanı real bir hədəfə doğru güclü təşviqedici amil kimi dəyərləndirmək lazımdır. Hərəkatın güclü təşkilata çevrilməsi isə onun ən azı BMT-ni köklü islahatlara vadar edə bilən qüvvə halına gələcəyini söyləməyə əsaslar verir. Cənab İlham Əliyevin təşəbbüsləri ilə Qoşulmama Hərəkatının ötən ilin dekabrında BMT-nin  xüsusi antipandemiya məclisinin keçirilməsinə nail olması, habelə yenə də cənab İlham Əliyevin təşəbbüsü və hərəkatın dəstəyi ilə BMT Sosial-İqtisadi Şurada vaksin millətçiliyi əleyhinə ayrıca qətnamənin qəbul edilməsi tutarlı faktlar deyilmi? Qoşulmama hərəkatı hətta BMT-nin özünün fəaliyyətinə təşviqedici təsir gücü  göstərə bilirsə, deməli, onunla paralel təsir gücünə malik BEYNƏLXALQ  TƏŞKİLATA  da çevrilə bilər. Bu istiqamətdə perspektivlər  barədə düşünərkən İlham Əliyevin daha bir ideyasına da önəm vermək lazım gəlir.BMT-nin öz qərar və qətnamələrinin icrasında lazımı ardıcıllığı göstərə bilmədiyindən danışan Azərbaycan prezidenti onu da vurğuladı  ki, Hərəkata üzv ölkələrin dövlət və hökumət rəhbərlərinin bu yöndə BMT rəhbərliyi ilə müzakirələr aparması pis olmazdı.

Göründüyü kimi, Azərbaycanın Hərəkatda olduğu cəmi 11 ildə bütün səy və təşəbbüsləri onun təkmilləşdirilməsinə və daha mütəşəkkil gücə çevrilməsinə yönləndirilib.

Xatırladaq ki, Ukrayna hadisələri fonunda "təkqütbülük-ikiqütblük" dartışmaları dünyada get-gedə  daha çox ölkələri narahat etməyə,hətta bezdirməyə başlayıb. Buna görə də  Dünya Qoşulmama hərəkatına dəstək verən ölkələrin sayca çoxala biləcəyi  əsaslı ehtimallardan biridir. Bu mənada Azərbaycan prezidentinin  həm də uzaqgörən  bir hədəfə işarə etdiyini də düşünmək olar.

Perspektivdə Qoşulmama hərəkatının Beynəlxalq Qoşulmama Təşkilatına çevrilməsi və "Təşkilatlanmanın" ideya müəllifinə ehtiram əlaməti kimi Baş ofisin Bakıya köçürülməsi var.