01 iyul 2022 17:59
824

Azərbaycan Avropa ilə Asiyanın logistika və ticarət qovşağına çevrilib

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfər edib.

Dövlətimizin başçısı elə həmin gün Aşqabad şəhərində keçirilən Zirvə Toplantısındakı çıxışında ölkəmizin beynəlxalq nəqliyyat əlaqələri haqqında danışıb, Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri olduğunu vurğulayıb: “Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.”

Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Qeyri-neft sektorunun inkişafında isə nəqliyyat və beynəlxalq yükdaşımalar əsas istiqamətlərdən bir hesab edilir. Bu, sözsüz ki, Azərbaycan üçün qeyri-neft sektorunda əldə edilən gəlirin həcminin artırılması, valyuta daxilolmalarına töhfəsinin genişləndirilməsi baxımından vacibdir. Eyni zamanda, təbii ki, Azərbaycanın regionda mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.  

Azərbaycanın nəqliyyat sektorunda son illər çoxsaylı irimiqyaslı infrastruktur layihələri həyata keçirilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artırır.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Şimal və Cənub yarımkürələri arasında daha sürətli ticarət marşrutlarının yaradılmasında böyük rol oynayır. Şərq-Qərb (“Yeni İpək yolu”) layihəsi Asiya və Avropa arasında enerji, nəqliyyat və ticarət əlaqələrinin yenidən bərpa olunması ilə bağlı təşəbbüsdür. İpək Yolu iqtisadi kəməri avtomobil və dəmir yolu vasitəsilə Avropa bazarlarına girişi təmin etmək məqsədilə Çin tərəfindən işlənib hazırlanıb. Kəmər Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Ukrayna vasitəsilə Çin və Avropa İttifaqı ölkələrinin iqtisadiyyatını birləşdirir. Azərbaycan hər iki marşrut xəttinin kəsişmə nöqtəsində yerləşir və dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə çevrilməklə özünün regional və qlobal aparıcı qüvvələr üçün dəyərli tərəfdaş olduğunu sübut edir.  Bu nəqliyyat dəhlizləri qonşu dövlətlərlə və beynəlxalq tərəfdaşlarla əldə olunan sıx əməkdaşlıq sayəsində Azərbaycan iqtisadiyyatına milyardlarla dollar gəlir gətirir.

Dövlət başçısı İlham Əliyev Zirvə Toplantısında həmçinin qeyd edib ki, biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik: “Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub.”

Azərbaycan açıq dənizlərə birbaşa çıxışı olmayan ölkədir. Adətən belə ölkələr nəqliyyat mərkəzi rolunu oynaya bilmir. Ancaq buna baxmayaraq, biz nəinki regionun, Avrasiyanın nəqliyyat mərkəzlərinin birinə çevrilirik və Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Bu dəhlizlər onlarla ölkəni bir-birinə bağlayır, bu dövlətlər üçün yaxşı şərait yaradır. Azərbaycan yeganə ölkədir ki, hər iki layihənin fəal iştirakçısı və üzvüdür. Qapalı şəraitdə, açıq dənizə birbaşa çıxışı olmayan ölkədə belə layihələri icra etmək tarixi xidmətdir.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri