İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri, orda etdiyi çıxışlar və səsləndirdiyi mühüm məqamlar gündəmin əsas müzakirə mövzusu olaraq qalmaqdadır. Daha dəqiq desək, dövlət başçısının regionlara bütün səfərləri kimi 26 iyun səfəri də olduqca mühüm əhəmiyyətə malik idi və təsadüfi deyil ki, bu səfər qonşu ölkələrin mediası tərəfindən də kifayət qədər geniş işıqlandırıldı. Azərbaycan liderinin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri digər mühüm məqamlarla yanaşı, bir vacib hədəfin də reallaşdırılması istiqamətində irəliyə atılmış addım hesab edilər bilər. Belə ki, dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində gördüyü tədbirləri daha da genişləndirməklə, düşmənə də xəbərdarlıq anlamlı mesajlar ötürməklə, sərhədlərimizin qorunması istiqamətində Azərbaycanın mühüm təhlükəsizlik tədbirləri gordüyünü qarşı tərəfə çatdırmış oldu. Ali Baş komandan Kəlbəcərdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında etdiyi çıxışla 44 günlük müharibə dərsindən nəticə çıxarmayan revanşitlərə hədlərini bildirərək dəmir yumruğu yadlarına saldı:” Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”. Bunlar sadəcə hədə və ya xəbərdarlıq deyil, həm də o deməkdir ki, regionun təhlükəsizliyi daim dövlətimizin xüsusi diqqətində saxlanılır. Revanşistlərin hərəkətləri və sözləri isə Azərbaycana deyil, ermənilərin özlərinə ziyan gətirə bilər. Cənab İlham Əliyevin vurğuladığı kimi , Azərbaycan ordusunun komanda hərbi hissələrinin sayı artırılır və bu addım birmənalı olaraq regionda hökm sürən şəraitin tələblərindən irəli gəlir. Həqiqətən də Azərbaycan ordusu qazandığı uğurlarla kifayətlənmir, Ali Baş Komandanın başçılığı ilə müasir ordu quruculuğu prosesi sürətlə davam etdirilir.
Regionda aparılan yenidənqurma və bərpa işlərinin sürətlə aparılması isə şübhəsiz ki, bir sıra mühüm hədəflərə hesablanıb. Belə ki, prezident İlham Əliyevə Kəlbəcərə səfəri zamanı şəhərin baş planı təqdim olunub. Bu isə bir çox sevindirici mətləblərdən, xoş məramlardan xəbər verir. Bu, o deməkdir ki, Kəlbəcərin infrastrukturunun sürətlə qurulması “Böyük Qayıdış”ın tərkib hissəsidir. Baş planın dövlət başçısına təqdim olunması isə Kəlbəcər əhalisinin doğma yurd-yuvalarına qayıtmasına artıq çox az qaldığından xəbər verir.
Azərbaycan Prezidenti ilə qurur duyğmğaımızın səbəbi təkcə müharibədə qazanılan zəfər deyil. Torpaqlarımızı işğaldan azad edərək tarix yazan şanlı və qalib Ordunun Müzəffər Ali Baş Komandanının bildirdiyi hədəflərdən bir addım da geri çəkilməməsi, nəzərdə tutulan məqsədlərə doğru addım-addım, prinsipiallıqla irəliləməsi, qərbin, Rusiyanın və bəzi erməni havadarı olan beynəlxalq təşkilatların təzyiqlərinə boyun əymədən öz şərtlərini diqtə etməsidir. Sözügedən səfər zamanı da prezidentimiz Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi, hazırkı hərbi-siyasi vəziyyəti dəqiq qiymətləndirərək, Ermənistana, onun havadarlarına ünvanlanmış açıq və kəskin mesajlar verdi: “Bir daha aydın oldu ki, siyasi və hərbi-strateji şərait tam Azərbaycanın nəzarətindədir. Öz milli gücü vasitəsilə ərazi bütövlüyünü bərpa edən və hazırda bütün şərtləri diktə edən Azərbaycan istənilən təxribat cəhdinin qarşısını almaq, revanşizm təfəkkürü ilə yaşayan erməni faşizminin başını əzmək iqtidarındadır. Azərbaycan 44 günlük müharibədə bir çox mifi darmadağın edərək reallığın nədən ibarət olduğunu təkcə işğalçı Ermənistana deyil, hələ də müstəmləkəçilik təfəkkürü ilə yaşayan mərkəzlərə, ermənipərəst və islamofob dairələrə sübut etdi”. Prezident İlham Əliyev çıxışlarında Azərbaycan dövlətinin milli maraqlara əsaslanan bütün məsələlərdə prinsipial yanaşma ortaya qoyduğunu bir daha diqqətə çatdırdı: “Bu kontekstdə işğal dövründə Azərbaycanın təbii sərvətlərini talayan xarici şirkətlərin cinayətlərinin gündəmə gətirilməsi xüsusi əhəmiyyətə malikdir.” Dövlət başçısı qeyd etdi ki, işğalçılarla əməkdaşlıq etmiş həmin şirkətlərin iki yolu var- ya təzminat ödəməli, ya da beynəlxalq məhkəməyə veriləcəklərini nəzərə almalıdırlar.
Bunlarla yanaşı, dövlətimizin başçısı Azərbaycanın strateji məqsədləri, gələcəyə baxışı və bir çox fəaliyyət istiqamətləri ilə əlaqədar məsələlərə də toxundu. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesi, zəruri infrastruktur yaradılması istiqamətində işlərin ardıcıl olaraq davam etdirildiyini, ölkəmizin Böyük Qayıdışı ən yüksək səviyyədə davam etdirmək əzmində olduğunu nəzərə çatdırdı. Dövlətimizin başçısının “Biz Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır”, “Biz harada lazım bilsək, orada da duracağıq” fikirləri isə güclü iradənin və əzmkarlığın ifadəsidir. Ermənistan silahlı qüvvələrinin bizi qorxutmaq, və mövqeyimizdən geriləmək üçün sərhəd bölgələrini tez-tez atəşə tutmasına baxmayaraq, Azərbaycan bərpa və quruculuq işlərini çəkinmədən davam etdirir. Torpaqlarımızı güllə yağışına tutan düşmən anında cavan zərbəsi ilə susdurulur. Bu da ordumuzun gücünü göstərən amildir. Müharibədən sonra ölkə rəhbərinin Kəlbəcərə səfəri bir daha təsdiq etdi ki, regionda diqtə edən tərəf artıq bizik v bu düzəni pozmağa heç kimin gücü çatmaz. Təkcə region ölkələri deyil, eləcə də bizim bölgədə marağı olan dövlətlər də bu reallığı mütləq nəzərə almalıdırlar.
Prezidentin Kəlbəcərdə dedikləri təkcə düşmənə ünvanlanmamışdı, həm də biz azərbaycanlılara bir özgüvən, özünəinam aşılamaq məqsədi daşıyırdı”: “Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!”
Tıbii ki, bu qüruru bizə yaşadan dövlətimizə, dövlət başçımıza, ordumuza, özlərini Vətənə qurban deyən Şəhidlərimizin ata-analarına, qazilərimizə çox minnətdarıq! Yaşasın Azərbaycan xalqı, Azərbaycan ordusu və bu ordunu zəfərə doğru aparan müzəffər Ali Baş Komandan! Qarabağ Azəbaycandı.

Kubra Əliyeva,
Bakı şəhəri Ə.Əliyev adına 204 saylı tam orta məktəbin direktor müavini
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir