Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində bütün dünyaya öz gücünü, qüdrətini, mübarizliyini nümayiş etdirərək, 30 il işğal altında olan tarixi torpaqlarımızı düşmən əsarətindən azad etdi. Bununla da xalqımızın tarixində yeni mərhələ başlandı. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işlərinə start verildi. Azad edilmiş ərazilərimizdə bu gündə davam edən abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi-siyasi və hərbi qüdrətinin bir daha təsdiqidir.
İşğaldan azad olunmuş ərazilərin bərpası proqramı çərçivəsində, “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Bununla da işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərindən sonra başqa bir nüfuzlu dövlət – İtaliya da qoşulub. İmzalanan müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək. Həmçinin Azad olunmuş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiya, 9 elektrik yarımstansiya inşa edilib, ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkilib. Ötən il Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin inşasına da başlanmışdır. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Dövlət başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.
İşğaldan azad edilən Şuşamızda da böyük işlər həyata keçirilir. “Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir” bunu Prezident İlham Əliyev martın 16-da Şuşa şəhərində olarkən deyib. Dövlət başçısı bildirib ki, bütün işlər planlı şəkildə aparılmalı, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz. Mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Şuşanın əsl tarixi simasının və qədim mədəni abidələrinin bərpası Azərbaycan memarlıq üslubunu əks etdirməli və Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülmüşdür. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapmışdır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur. Uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulur. Həmçinin, şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq və məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Şuşa şəhərinin yenidən bərpa olunması, şübhəsiz ki, öz tariximizə, mədəniyyətimizə, abidələrimizə sahib çıxmağımızın ən gözəl nümunəsidir.
Səadət Yusifova,
13 nömrəli UMM məktəbinin müəllimi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir