01 iyul 2022 12:28
791

Şanlı qələbəmizin yaratdığı yeni reallıqlar Azərbaycanın bütün sahələrdə inamlı addımlar atmasında əhəmiyyətli faktordur

Ölkəmizin yaratdığı  yeni reallıqlar dünya dövlətləri, beynəlxalq ictimaiyyət  tərəfindən qəbul olunmaqdadır. Sözsüz ki,  bu cür nəticəyə nail olmaq dövlətimizin gücünü və ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətini, peşəkar keyfiyyətlərini göstərir. Hazırda dövlətimizin əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, sakinlərin öz doğma  yurdlarına qayıtması, məcburi köçkünlərin uzun illər pozulmuş hüquqlarının təmin edilməsidir. Azərbaycan bu prosesə müharibə başa çatdıqdan dərhal sonra başladı və üstündən keçən bu qısa müddət ərzində xeyli işlər görülüb. Ölkə rəhbərimizin  Göygöl, Kəlbəcər və Laçın rayonlarına son səfəri də bir sıra vacib məqamları ilə diqqət çəkdi. Dövlətimizin başçısının Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olması, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışlarında iştirak etməsi burada aparılan işlərin miqyasını və əhəmiyyətini göstərir. Həmin ərazilərdə İşğal və Zəfər muzeylərinin yaradılması  prioritet məsələlərdəndir. Mənfur düşmən tərəfindən çətin coğrafi məkanda möhkəmləndirilmiş istehkamları yarıb tarixi qələbə qazanan Azərbaycan bu gün erməni cinayətkarlarının dağıtdığı infrastrukturu bərpa edir.   30 ilə yaxın müddətdə  işğal altında  olan və sonunda 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun işğaldan azad etdiyi torparlarımızda, çətin relyefə, yüksək dağlara malik ərazilərimizdə böyük infrastuktur layihələri icra etmək qürurvericidir.  Bərpa proqramı çərçivəsində yolların tikintisi ilə yanaşı Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı digər lazımi addımlar   atılır.

Cənubi Qafqazın ən güclü ordusu kimi özünü təsdiq edən Azərbaycan Ordusunun yarandığı tarixi əlamətdar gündə – iyunun 26-da - Silahlı Qüvvələr Günündə  ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı çox vacib məqamlara toxundu, mesajlar verdi. Dövlət başçısı möhtəşəm tarixi Qələbənin qazanılmasından, Zəfərin mənəvi-siyasi və hərbi-strateji əhəmiyyətindən, Azərbaycanın XXI əsrin müharibəsini aparmasından, yeni mərhələdə ordu quruculuğunun müasir çağırışlara uyğun davam etdirilməsindən və digər bir sıra mühüm məsələlərdən bəhs etdi. Prezident İlham Əliyev vurğuladı ki, Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. İkinci Qarabağ müharibəsi bir çox cəhətləri ilə dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı. Bu zəfər  təkcə silah-sursat və texnika hesabına təmin edilmədi. Yüksək döyüş qabiliyyəti, taktiki və strateji hazırlıq, vətənpərvərlik ruhu, milli həmrəylik və digər mühüm amillər Azərbaycanın mütləq qələbəsini şərtləndirən mühüm faktorlar kimi xüsusi qeyd edilməlidir. Dövlətimizin başçısı söylədi ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Torpaqlarımız işğaldan azad olunsa da, ordu quruculuğu keyfiyyətcə yeni mərhələdə - müasir çağırışlara uyğun davam etdirilir. Müharibədən sonra ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar alınır. Yeni silahlı birləşmələrin - Komando Briqadasının yaradılması isə böyük hərbi-strateji əhəmiyyətə malikdir. Cənab İlham Əliyev Azərbaycan xalqının haqq savaşını bütün cəbhələrdə - siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya və hərb meydanında uğurla apardı, qarşıya qoyulan hədəfə nail oldu.  Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli Liderliyi, xalqımızın milli birliyi-həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edib.  

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri