01 iyul 2022 11:59
640

Böyük Qayıdışa doğru

Vətən müharibəsi, dünyanı heyrətə salan 44 gün, millətimizi, ordumuzu və xalqının etimadını qazanmış Ali Baş Komandan İlham Əliyevi hər kəsə tanıtdı. Dünya hərb tarixində ilk dəfə olaraq ordumuz yeni hücum taktikası və PUA-larla düşmənin müdafiə sistemi məhv etdi. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan – Müzəffər Xalq – Müzəffər Ordu birliyi dəmir yumruğa çevrilərək Qarabağı azad etdi.

Dünya ictimaiyyəti təkcə qələbəmizin şahidi olmadı. Onlar həm də işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdiyi dəhşətli dağıntıları, tarixi abidələrimizin , qəbrstanlıqların məhv edilməsini gördülər. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə ölkəmizdə olan xarici dövlətlərin və informasiya agentliklərinin nümayəndələri işğaldan azad edilmiş bölgələrdə oldular. Onlar “Qafqazın Hirosiması”, bizim ruhlar şəhəri adlandırdığımız Ağdamın tamamilə dağıdılmasını, Zəngilanın, Füzulinin, Cəbrayılın talan edilməsinin şahidi oldular.

İndi dövlətimiz qarşısında duran ən böyük məsələ işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması, məcburi köçkünlərin tezliklə öz yurd yuvalarına qayıtmasıdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev  dünyanın bir sıra kütləvi informasiya vasitələrinə çox saylı müsahibələr vermis, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Prezidentimizin hər bir çıxışı yalanlarla dolu erməni təbliğatını darmadağın edirdi. Ölkə başçısının dəqiq faktlara əsaslanan çıxışları, diplomatik məharəti, dünya ölkələrinin tarixi haqqında hər tərəfli bilikləri xarici ölkələrdə Azərbaycan xalqına və dövlətinə qarşı rəğbət hissi yaradırdı. İlham Əliyev Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirərək ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırmışdır. Bu, beynəlxalq iqtisadi əlaqələrin genişlənməsinə təkan vermişdir. 

Prezident İlham Əliyevin Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11ci sessiyasında çıxışı çox təqdirə layiqdir. O çıxışında Azərbaycanın BMT-ə üzvlüyünün 30 illiyi ilə əlaqədar Şuşada tədbirlərin təşkil olunmasından, şəhərlərimiz üçün daha yaxşı gələcəyin təmin edilməsindən danışmışdır.

Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsinin təmin olunmasını qeyd etmişdir. Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra, dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.

Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə qısa müddət ərzində Füzuli şəhərində böyük hava limanı, Şuşaya çəkilən və Zəfər yolu adlandırılan yol artıq istifadəyə verilmişdir. Azəybaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət Paytaxtı elan etdi. Bu sərəncamla “Vaqif poeziya günləri” və “Xarıbülbül ” festivalı da bərpa olundu.

Zəngilan və Laçında da hava limanlarının inşası davam etdirilir. Lakin ərazilərin minalanmış olması quruculuq işlərinin həyata keçirilməsinə böyük maneə törədir.

Çox təəssüf ki, İravanın rəsmi cinayətləri sülh dövründə də davam edir. Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq vətəndaşımız həlak olub və ya ağır yaralanıb.

Prezidentimiz çıxışında azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılmasının həyata keçirilməsindən, “yaşıl enerji” və “0 tullantı konsepsiyalarının” tətbiq edilməsindən bəhs etmişdir.

Qarabağda “Ağıllı şəhər”, “Ağıllı kənd”, “yaşıl enerji” layihələrinin reallaşdırılması tarixi hadisədir. Qarabağ planlı şəkildə yenidən qurulur. Dövlət bu istiqamətdə konkret addımlar atır və nəhəng işlər həyata keçirir. Əzəli Azərbaycan torpağı olan Qarabağ müasir diyara çevrilir.

Zəngilanın Ağalı kəndində təməli qoyulan “Ağıllı kənd” layihəsində işlər davam edir. Layihə 5 komponent üzrə icra edilir: yaşayış, istehsal, sosyal xidmətlər, kənd təsərrüfatı, alternativ enerji sahələri. Ərazidə ,ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 evin tikintisi, 2 mərtəbəli 4 qeyri-yaşayış binasının 360 şagird yerlik məktəbin, 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam edir. Küçələrin ağıllı işıqlandırılması, bioqaz enerjisindən istifadə, günəş paneli stansiyalarının quraşdırılması, məişət tuallantılarının idarə olunması bu konsepsiyanın əsas komponentləri sırasındadır. Kənddə tikiləcək “Arximed” qurğusu “Ağıllı kənd”in bütün daxili elektrik enerji ehtiyacını ödəyəcək.

Türkiyə şirkətinin tikintisində iştirak etdiyi sistemdən çıxan isti su kənddəki evlərə və otelə ötürüləcək. Qurğu suyu oksigenləşdirəcək ki, bu da balıqlar və yaşıllıqlar üçün çox faydalıdır. Qurğu daha çox enerjini daha az güclə əldə etməyə imkan verəcək.

Eyni zamanda kənd Qiqabit Air PON texnologiyası ilə kabelsiz sürətli internetlə təmin olunacaq. Tarla, bağ, fermalar dronlar vasitəsilə idarə etmə və nəzarəti özündə saxlayacaq.

Yenilikləri saymaqla bitməz. Əminliklə söyləmək olar ki, Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə “Ağıllı kənd” layihəsinin işğaldan azad olunmuş ərazilərdə tətbiqi Böyük Qayıdış proqramının icrasında davamlı səmərəli nəticələrə gətirib çıxaracaq. Nəhayət, həyat orada bərpa olunacaq, bu ərazilərin əsl sahibləri vətənə dönəcəklər. Əzəli Qarabağ torpağında vətəndaş cəmiyyəti qurulacaq.

Vüsalə Mehdiyeva, 
Xətai rayonu 265 nömrəli məktəbin tarix müəllimi