01 iyul 2022 11:54
1036

İşğaldan azad edilmiş rayon və kəndlərimiz yenidən qurulur

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında 27 iyun tarixində çıxış etmişdir. Bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Bu mühüm hadisəni qeyd etmək məqsədilə bu ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, Şuşa şəhərində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir. Tədbirdə BMT qurumları da iştirak etmişdir.

Azərbaycan səmərəli əməkdaşlıq  həmçinin strateji planlama sahəsində bir çox mühüm işlər görmüşdür. Məsələn “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirmişik. Bakı şəhərinin tarixi abidələrini qorumaqla yanaşı, onun infrastrukturunun yenidən qurulması və müasir standartlaracavab verməsi təmin olunub. Azərbaycanın paytaxtı Bakının və digər şəhərlərinin yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub.

44 günlük vətən müharibəsində qazanılan zəfər zamanı aydın oldu ki, Ermənistan işğal etdiyi Azərbaycanın şəhər və kəndlərini qəsdən dağıdıb, bütün mədəni və dini abidələri talan edib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilmədi.

Bağlanacaq sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər. Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan həmin şərtləri qəbul edib.

İşğaldan azad edilmiş torpaqlara qayıdış prosesi minalardan təmizlənmə ilə başlayır. İşğal dövründə Ermənistan  həmin ərazilərə bir milyondan artıq mina basdırıb.  2020-ci ildə Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.

Onu da demək lazımdır ki, Azərbaycan azad edilmiş şəhər və kəndlərində müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Məcburi köçkünlərin öz yurdlarına qayıdışı üçün ilk pilot layihə “Ağıllı Kənd” Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Cari ilin may ayından etibarən  Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar.  

İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında bərpa işləri zamanı ölkənin hədəfi keyfiyyətli və sürətli iş görməkdir. Vətən müharibəsindən sonar Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edilib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. İşğaldan azad edilmiş şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi və mədəni irsinin qorunması üzərində hazırlanıb. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ağdam şəhərində ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyətdədir, Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.

Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib. Bunun nəticəsində də işğaldan azad edilmiş rayon və kəndlərimiz yenidən qurulur. İnanırıq ki, sərhədlərini bərpa etmiş, tarixi qələbəsini qazanmış Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə çatacaq və Böyük Qayıdış baş tutacaqdır.

Rövşanə Abbasova,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mühəndisi