30 iyun 2022 18:33
860

Qarabağ və Şərqi Zəngəzur yenidən Azərbaycanın cənnət guşəsinə çevriləcək

Azərbaycanın paytaxtı Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub. Şəhər və şəhər ətrafı ərazilərin müasirləşdirilməsi, yenidən qurulması zamanı yeni imkanlar və təcrübələrdən istifadə olunub. Gözəlliyi ilə valeh edən paytaxt Bakı misilsiz memarlığı, parkları və bulvarları ilə tarixilik və müasirliyin ahəngini özündə birləşdirir.

Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusuna həsr olunmuş 11-ci sessiyasında bu təcrübə bir daha gündəmə gəldi. Azərbaycanın bərpa və yenidənqurmada, bölgələrin, şəhərlərin inkişafı və reinteqrasiyasında unikal təcrübə yaratdığı qeyd olundu.

Onu da qeyd edə bilərik ki, Azərbaycanda hazırda paytaxt Bakı ilə yanaşı digər rayonlarda, işğaldan azad olunmuş torpaqlarımızda şəhərlərin inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı layihələrin icrası intensiv şəkildə davam etdirilir.

Prezident İlham Əliyev imzaladığı müvafiq sərəncamlarla işğaldan azad olunmuş ərazilərdə çoxlu sayda avtomobil yollarının inşası məqsədilə böyük həcmlərdə maliyyə vəsaitləri ayırıb. Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edilib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır.

Qısa dövrdə görülən böyük işlər olduqca təqdirəlayiqdir. Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər bununla bitmir. Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzurun bərpası hərtərəfli olmaqla kompleks şəkildə həyata keçirilir. Doğma yurdlarından köçkün düşmüş vətəndaşlarımızın öz evlərinə qayıtması üçün görülən işlər bütün sahələri əhatə edir. İnanırıq ki, yaxın gələcəkdə həmin ərazilər tamamilə bərpa olunacaq, Qarabağ yenidən Azərbaycanın cənnət guşəsinə çevriləcək!

Sevda Lalayeva,
Nizami GEM-in əməkdaşı