30 iyun 2022 15:58
889

“Ağıllı kənd” və şəhərlər regionun simasını tamamilə dəyişəcək

Məlum olduğu kimi, Prezident İlham Əliyev iyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edib.

Dövlətimizin başçısı çıxışında erməni vandalizmindən, azad edilmiş torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərindən danışaraq bildirib ki, məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib: “Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir.”

İşğaldan azad olunan ərazilərdə inşa olunacaq yeni yaşayış məskənlərinin “Ağıllı kənd” (“Smart Village”) konsepsiyası əsasında tikilməsi nəzərdə tutulub. Ötən ilin əvvəlində Azərbaycan Prezidenti müvafiq qurumlara bu barədə tapşırıqlar verib və aprel ayının 28-də işğaldan azad edilən Zəngilan rayonunda Prezident İlham Əliyevin iştirakı ilə ilk “ağıllı kənd” layihəsinin təməli qoyulub. Bu ilin may ayının 27-də Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.

Məlumdur ki, son illər dünyada informasiya - kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı özü ilə müxtəlif yenilikləri və dəyişiklikləri də gətirdi. Bu yeniliklərdən biri də “Ağıllı kənd” konsepsiyası hesab olunur. “Ağıllı kənd” konsepsiyası insanların həyatını asanlaşdırmaq, istehsal və xidmət sektorunda səmərəliliyi artırmaq üçün İKT-nin imkanlarından istifadəni nəzərdə tutur. Bu konsepsiyanın tətbiqi rəsmi qurumların yerli sakinlər, o cümlədən də infrastrukturla birbaşa əlaqə qurmağa, kənddə baş verənləri və kəndin necə inkişaf etdiyini izləməyə imkan verir. “Ağıllı kənd” konsepsiyası İKT-nin imkanları kənddə xidmətlərin keyfiyyətini artırmaq, xərcləri və resurs istehlakını azaltmaq, vətəndaşlarla hökumət arasında təmasları artırmaq üçün istifadə olunur.

“Ağıllı kənd”lərdə tətbiq olunan elektron və texniki imkanlar məlumatların bir araya toplanmasını və analizini asanlaşdırır. Nəticədə bu məlumatlar resursların səmərəli istifadəsinə yönəldilir. Məsələn, nəzarət kameraları, yaxud naqilsiz sensor şəbəkələri vasitəsilə kənd ərazisində çirklənməni elektron xəritə üzərindən müşahidə etmək mümkün olur və nəticədə problemə vaxtında müdaxilə etmək imkanı yaranır.

Prezident İlham Əliyev çıxışında həmçinin bildirib ki, Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib: “İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub.”

2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Şuşa şəhəri isə xüsusi planlar üzrə bərpa olunur. Hazırda Şuşada Heydər Əliyev Fondu tərəfindən üç məscid təmir olunur, bir yeni məscidin tikintisinə başlanılır, tarixi-memarlıq abidələri bərpa olunur. İnzibati, yaşayış binaları, xəstəxana, teleqüllə, beşulduzlu hotel tikilir. Məktəblərin tikintisinə start verilib. Şəhərin içməli su və digər problemləri həll olunur. Bütün bunlar əminliklə deməyə əsas verir ki, tezliklə bu bölgə bütün dünyanın ən inkişaf etmiş məkanlarından birinə çevriləcək.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri