30 iyun 2022 11:29
848

Vətənpərlik bir ideya silahı kimi Azərbaycan gəncliyinin əsas gücüdür

Ordular nə qədər nə qədər döyüş texnikası ilə, ağır silahlarla silahlansalar da ordunu güclü edən əsas amil insan faktorudur. Yəni ən müasir silahlara sahib bir orduda belə əsl döyüşçü ruhlu vətənpərvər hərbçilər yoxdursa, o ordunu güclü ordu hesab etmək olmaz. 
Bəs orduda döyüşçü ruhunu formalaşdıran qüvvə nədir? 
Şübhəsiz ki, bu, vətənə bağlılıq, vətənə sevgi və yüksək əqidədir.  Gənc nəslin bu ruhda tərbiyə olunması bütün bunların fundamental əsasını təşkil edir. 
Azərbaycanda gənc nəslin vətənpərlik ruhunda tərbiyə olunması dövlətin gənclərlə bağlı siyasətinin bir hissəsidir. Prezident İlham Əliyevin 26 iyun tarixində Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı bunu bir daha vurğuladı. Məlum olduğu kimi, torpaqlarımız 30 illik bir dövrdə düşmən taptağı altında idi və həqiqi müstəqilliyin ilk illərindən başlayaraq o torpaqları azad etmək üçün çox istiqamətli işlər görülürdü. Ölkə başçısı ilk dəfə prezident seçildiyi gündən bu günə qədər hər zaman gənc nəslin vətənpərlik tərbiyəsinin vacibliyini bilmiş, bu yöndə konkret addımlar atmışdı.
Bu gün torpaqlarımızı işğaldan azad etmək üçün döyüşən gənclərə baxsaq, onların məhz Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişdiyini görə bilərik. Bu gənclər elə bir ruhda böyümüşdü ki, onlar Ali Baş Komandanın bir çağırışı ilə döyüş meydanında dünyaya örnək qəhrəmanlıq tarixi yazdılar. Bu gənclər arasından bir nəfər belə olsun fərari, satqın çıxmadı. Onlar son nəfəsinə qədər qoşulduğu mübarizədə iştirak etdilər və bu mübarizənin simvoluna çevrildilər. Məhz bu gənclərin cəsarəti və iradəsi düşməni ağ bayraq qaldırmağa məcbur etdi. Müzəffər ordunun hər bir əsgəri zəfər bayrağını ucaltmağı öz müqəddəs missiyası bildi.
Müharibədən sonra da qəhrəman döyüşçülərimizin şücaəti bir vətənpərvərlik məktəbinə çevrildi. Bu bir şərəf məktəbidir, ləyaqət məktəbidir. Belə demək olar ki, vətənpərlik duyğusu bu gün yetişən gənclik üçün ən ali dəyərdir!

Leyla Fətəliyeva,
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin əməkdaşı