30 iyun 2022 11:07
755

Düşünülmüş siyasət yenidənqurma işlərinin sürətlə və keyfiyyətlə aparılmasına gətirib çıxarır

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi ilə əlaqədar 27 iyun 2022-ci il tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma, quruculuq-abadlıq işləri haqqında geniş məlumat verdi. Çox sevindirici haldır ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa işləri digər ölkələr üçün postmünaqişə dövründə yenidənqurma baxımından əla nümunədir. Cənab Prezident ilkin olaraq diqqəti minalarla çirklənmə məsələsinə yönəldərək, bunun həmin ərazilərin bərpasını və yerli sakinlərin geri qaytırmasını çətinləşdirdiyini bildirib. 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan Parlaq  Zəfər torpaqlarımızın işğaldan azad edilməsinə səbəb oldu. 30 ilə yaxın erməni barbarlığının  qurbanına çevrilmiş torpaqlarımız öz həqiqi sahiblərinə qovuşdu. Hər kəs bir daha erməni xislətinin eybəcərliyinin, dağıdıcılığının, vəhşiliyin şahidi oldu. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan etmişdir. Xarici diplomatlar, qonaqlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu dağıdıcılığın  şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər.

Azərbaycan amansız vəhşiliklərə məruz qalmasına baxmayaraq hər zaman sülh və əməkdaşlığın tərəfdarıdır. Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirməklə bərabər yeni inkişafa gətirib çıxaracaqdır. Məlum olduğu kimi Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan tərəfi  onları qəbul edib. Təəssüf ki, Ermənistanın hərbi cinayətləri sülh dövründə də davam edir  hətta  təxribatlarından da qalmır.  Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi çox böyük tikinti-quruculuq, yenidənqurma işləri ölkəmizin sülh tərəfdarı olmasının əyani  sübutudur. İndi dövlətimizin qarşısında işğaldan azad edilmiş ərazilərin bərpası, tikilib-qurulması kimi böyük işlər durur. Cəmi 8 ay müddətə irimiqyaslı layihələrdən olan  Füzuli Beynəlxalq Hava Limanının  artıq istifadəyə verilməsi, Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisinin  davam etməsi, azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırlanması, avtomobil yollarının çəkilişi  çox fərəhləndirici və qürurverici hallardır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Ağdamda sakinlərimizin rahatlığı üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır.  Aparılan bütün quruculuq işləri  Azərbaycanın öz maliyyə ehtiyatları  hesabına aparılır. Prezident cənab İlham Əliyev çıxışında bildirib ki, “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Cənab İlham Əliyev, onu da  vurğulayıb ki, paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Bütün sadalananlar  bir daha sübut edir ki, dövlətimizin  ardıcıl və sistemli şəkildə həyata keçirdiyi düşünülmüş və balanslı siyasət ölkəmizin beynəlxalq nüfuzunun artmasında, regionda, eləcə də,  dünyada etibarlı tərəfdaş kimi tanınmasında böyük rol oynayır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri