29 iyun 2022 20:10
851

İşğaldan azad edilmiş ərazilərimizə həyat yenidən qayıdır

44 günlük Şanlı Vətən Müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun düşmən tapdağı altında olan əzəli torpaqlarımızı geri qaytarması bu ərazilərdə bərpa, yenidənqurma prosesinin başlanmasına zəmin yaratdı. Münaqişə zamanı dəymiş zərərin bərpa prosesi bir çox sahələrin prioritetləşməsini tələb edir. Beləliklə, beynəlxalq təcrübə onu göstərir ki, ilkin olaraq dəymiş zərəri müəyyənləşdirdikdən sonra minimum yaşayış səviyyəsinin təminatı prioritetdir.

Azərbaycan Respublikası işğaldan azad edilmiş torpaqlarımızı Cənubi Qafqazın ən inkişaf etmiş regionuna çevirməyə çalışır və bu, yalnız Azərbaycanın inkişafı üçün deyil, qonşu ölkələrin də iqtisadi tərəqqisinə imkanlar yaradacaq. Azad edilmiş ərazilərin minalardan təmizlənməsi sözü gedən ərazilərə köçürüləcək əhalinin təhlükəsizliyi üçün ən vacib amildir. Hazırda işğaldan azad edilmiş ərazilər “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulur. Bu konsepsiyalar şəhər infrastrukturunu səmərəli şəkildə enerji mənbələri ilə təmin edəcək, ətraf mühitə zərər verməyəcək və nəticədə ekoloji vəziyyət bütün vətəndaşların həyat keyfiyyətinə müsbət təsir göstərəcəkdir. Bu məqamda yaşıl enerji mənbələrinin səmərəliliyinin artdığını vurğulamaq vacibdir. “Yaşıl enerji” konsepsiyasının tətbiqinə hazırlıq istiqamətində atılan addımlar bölgənin dayanıqlı enerji təminatına zəmin yaradır.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli Sərəncamının icrası müvafiq sahədə görülən işlərə geniş imkanlar yaradır. Ağıllı texnologiyalarla inteqrasiya olunmuş şəhər həyatı bu texnologiyalardan istifadə etmək bacarığına malik vətəndaşlar üçün işğaldan azad edilmiş ərazilərdə yeni iş imkanlarının yaradılmasına öz töhfəsini verəcək.

İşğaldan azad edilmiş ərazilərdə qısa vaxt ərzində əlverişli yaşayış üçün münbit şəraitin formalaşdırılması, yolların, dəmiryolu xətlərinin, energetika sisteminin bərpası, iqtisadi inkişafın sürətləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan Respublikası əlverişli biznes mühiti yaratmaqla dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində çalışmaqda davam edir. Bununla əlaqədar olaraq, Ağdam Sənaye Parkına potensial investorların cəlb edilməsi istiqamətində müvafiq işlərin aparılması buna sübutdur.

İşğaldan azad edilmiş torpaqlarımızın bərpası və inkişafı baxımından quru və hava nəqliyyatı infrastrukturlarının formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də xüsusi əhəmiyyətə malikdir. Füzuli Beynəlxalq Hava Limanı, hal-hazırda inşası davam edən Zəngilan və Laçın beynəlxalq hava limanları regionda turizmin inkişafına əlverişli şərait yaradır.

İllərlə erməni faşistlərinin dağıdaraq viran qoyduğu torpaqlarımızda-Qarabağda artıq yenidənqurma, çiçəklənmə dövrü başlayıb və yeni nəfəs gəlib.

Cavid Mehdizadə, 
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəalı