Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş şəhər və rayonlarımıza mütəmadi səfərləri zamanı Qarabağda və Şərqi Zəngəzurda əbədi həyatın var olması üçün öz əlləri ilə möhkəm təməllər, bünövrələr, özüllər atır, şəhərlərimizin Baş planlarını təsdiq edir, vəhşicəsinə dağıdılan ərazilərimizdə aparılan tikinti, abadlıq-quruculuq işlərinin gedişi ilə maraqlanır, müvafiq tapşırıqlarını verir. Bu baxımdan iyunun 26-da Prezident İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri də bərpa-quruculuq prosesinin davamlı xarakter almasını, gündən-günə daha geniş ərazini əhatə etməsinin göstərir.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin etməyin əsas vasitələrindən biri də həmin ərazilərdə yol infrastrukturunun qurulmasıdır. Səfər çərçivəsində dövlətimizin başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin, eləcə də Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə tanışlığı da bu xüsusda irimiqyaslı yol layihələrinin yüksək peşəkarlıqla həyata keçirildiyinin növbəti bariz nümunəsidir. Qeyd edək ki, tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
Azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı görülən işlər də xüsusi qeyd edilməlidir. Çünki regionun elektrik enerjisi ilə tam təmin olunması digər işlərin də həyata keçirilməsinə təkan verir. Prezident İlham Əliyev səfər çərçivəsində açılışında iştirak etdiyi Kəlbəcər rayonunda Lev çayı üzərində inşa olunan 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası (KSES) işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilərək istismara verilən ilk enerji istehsalı obyektidir. “Yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Kəlbəcər-1” KSES-də maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri və transformatorlar quraşdırılıb. Burada 110/6 kilovoltluq yarımstansiya da inşa edilib. “Kəlbəcər-1” KSES Azərbaycanın ümumi enerji sisteminə qoşulub.
Laçın rayonu ərazisində inşa edilən 110 kV-luq “Qorçu” elektrik yarımstansiyası Laçın Beynəlxalq Hava Limanını, rayon ərazisindəki hərbi hissələri, gələcəkdə bölgədə inşa olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək. Perspektivdə Laçın dəhlizində 110 kV-luq “Laçın Şəhər” və “Zabux” yarımstansiyalarını tikməklə, Qorçudan Laçın şəhərinə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkiləcək və Laçın şəhərindən 110 kV-luq yeni xətt çəkilməklə “Şuşa” yarımstansiyası ilə əlaqələndiriləcək. Ən əsası odur ki, Laçın şəhərindən Güləbird istiqamətində “Qubadlı” yarımstansiyasına ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilməklə enerjisistem üçün mühüm əhəmiyyəti olan və regionun enerji dayanıqlılığını təmin edən dairəvi elektrik təchizat sxemi yaradılacaq.
Xatırladaq ki, işğaldan azad edilən ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Vətən müharibəsində Qələbədən sonra ümumi gücü 20 meqavat olan “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2” və “Kəlbəcər-1” Kiçik Su Elektrik stansiyaları tikilib istifadəyə verilib. İndiyədək bu stansiyalarda 30 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.
Silahlı Qüvvələrimizin 104-cü ildönümünə hədiyyə
Azərbaycan Ordusu müharibədən sonrakı dövrdə, həm Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin, həm də komanda birliklərinin tərkibini genişləndirməyə davam edir. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə iyunun 26-da Kəlbəcərdə yeni, ümumiyyətlə azad edilmiş ərazilərdə ikinci komando hərbi hissənin açılması Ermənistanla sərhəddə hərbi cəhətdən mövqelərimizi daha da möhkəmləndirəcək, müharibədən sonrakı ordu quruculuğu prosesinə müsbət təsir göstərəcək. Ali Baş Komandanın məhz Silahlı Qüvvələrin 104-cü ildönümündə Kəlbəcərdə belə bir hərbi hissənin açılışını etməsi, əsgərlərin, zabitlərin qarşısında çıxış etməsi, Kəlbəcərdən Ermənistana xüsusi mesajlar ötürməsi, onlara reallıqları təkrar başa salması bird aha Azərbaycanın postmünaqişə dönəmində çox uğurlu daxili və xarici siyasət yürütməsini sübut edir.
Bərpa proqramı çərçivəsində, həmçinin sözügedən ərazilərin bol su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə bağlı layihələrin hazırlanaraq həyata keçirilməsinə başlanıb. Bütövlükdə, sözügedən ərazilərdə 9 su anbarı tikilir və yaxud əsaslı şəkildə bərpa olunur. İşğaldan azad olunmuş ərazilər həm təbii ehtiyatlar, biomüxtəliflik, meşə ərazilərinin bolluğu, həm də su ehtiyatları baxımından çox zəngindir. Azərbaycanda formalaşan su ehtiyatlarının təqribən 20 faizi məhz bu ərazilərin payına düşür. Başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. Həkəridə tutumu təxminən 90 milyon kubmetr olan su anbarı tikməklə buradakı təmiz, genetik faydalı suyu 254 kilometr uzunluğunda magistral yolla Sabirabada qədər gətirmək mümkündür. Artıq bu sahədə müvafiq tədqiqatlar aparılıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. “Həkəriçay” su anbarı içməli suyun toplanması üçün nəzərdə tutulur. Magistral üzərində nasos stansiyalarının tikilməsi ilə nisbətən hündür coğrafi ərazidə yerləşən 7 rayona suyun verilməsi planlaşdırılır. Layihənin istifadəyə verilməsi nəticəsində 3 milyona yaxın insanı içməli su ilə təmin etmək mümkün olacaq.
İşğaldan azad olunan ərazilərdə yol-nəqliyyat strategiyasının vacib elementlərindən biri də hava limanlarının inşasıdır. Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş ərazilərdə 3 hava limanının inşası nəzərdə tutulub. Onlardan biri ötən il təhvil verilən Füzuli Beynəlxalq Hava Limanıdır. Digəri isə Zəngilan və Laçın rayonlarının ərazisində inşa olunur. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Eyni zamanda, bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika habına çevriləcəyi günü yaxınlaşdırmaqdadır.
Cənab Prezident, daha əvvəl həmçinin Laçında da beynəlxalq hava limanının təməlini qoymuşdu. Bu səfər zamanı isə tikinti prosesi ilə yaxından tanış oldu. Bütün bunlar göstərir ki, ən qısa zamanda Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin şahidi olacağıq. Bu, birbaşa olaraq həm quru, həm də hava məkanının işə düşməsi deməkdir. Biz artıq Kəlbəcərə və Laçına təyyarə vasitəsilə səfərlər edə biləcəyik. Bu da oranın həm turizm potensialını artıracaq, həm də hava limanının təhlükəsizlik məsələlərində çox böyük rolu və önəmi olacaq. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək. Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır.
Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura budəfəki səfəri həm də Kəlbəcər şəhərinin Baş planını təsdiq etməsi, həmçinin İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyması ilə əlamətdar oldu. Qeyd edək ki, Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır. Ağdam, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarından sonra Kəlbəcər rayonunda da Zəfər və İşğal muzeyləri yaradılacaq. Hər iki muzey şəhərin mərkəzində salınacaq parkda tikiləcək. Bu, gözəl bir mühitdə yerləşən möhtəşəm layihə olacaq. Çünki bu ərazi landşaftına görə heyrətamiz gözəlliyə malikdir. Kompleksin bir hissəsi işğal tarixinə, digəri isə Zəfərə həsr olunacaq. Bu layihə ilə həm də təbiətə ehtiram nümayiş olunacaq.
İstisu sanatoriyası və İstisu suyu Kəlbəcərin təbii sərvətidir. Rayonda görülən böyük quruculuq işləri çərçivəsində dövlət başçısının “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməlini qoyması ilə vaxtilə məşhur olan “İstisu” suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Cənab Prezident İlham Əliyev tərəfindən “İstisu” sanatoriyasının təməlinin qoyulması onu deməyə imkan verir ki, ən qısa zamanda turizm infrastrukturunu da bərpa edəcəyik, bütün dünya da cənnətməkan ərazilərə axın edəcək.
Bütün bu proseslər çox böyük vəsait, güc və zaman tələb edir. Buna baxmayaraq, dövlət başçısının dünyaya bəyan etdiyi kimi, Azərbaycan bu işlərin öhdəsindən təkbaşına gələrək bir daha dünyaya bəyan edir ki, biz bu torpaqların sahibiyik və burada əbədi yaşayacağıq!
Yaqut Ağaşahqızı, “İki sahil”
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir