29 iyun 2022 23:36
1236

Azərbaycan və Özbəkistan ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırırlar

Eyni kökə, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və Özbək xalqları arasındakı dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır. Özbəklər hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük maraq göstərmiş, azərbaycanlı ədiblərin əsərlərindən bəhrələnmişlər.

Azərbaycan və Özbəkistan 90-cı illərin əvvəlində dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək - “Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar” demişdir.

Hazırda Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iki ölkə arasında imzalanmış Bəyannamə barədə “İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır. Təbii ki, qarşılıqlı dəstək də olacaq – həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir” demişdir.

44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində qardaş Özbəkistan hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə də qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub. Azad Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahı daha da yaxşılaşacaqdır.

Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri