29 iyun 2022 15:29
746

Azərbaycan daim yeniləşən, müasirləşən ölkədir

1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə sabitliyin bərpası ilə iqtisadi durumun yaxşılaşdırılması istiqamətində atılan addımlar ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına, Azərbaycanın böyük investisiyalar məkanına çevrilməsinə səbəb oldu. Yaradılan möhkəm təməl 2003-cü ildən bu günədək islahatlar prosesinin dərinləşməsinə geniş imkanlar yaratdı. Dövlət başçısı İlham Əliyevin yeniliyə, təkmilləşməyə marağı atılan hər addımda öz təsdiqini tapdı. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşdı. Bu islahatlar ölkənin siyasi, iqtisadi qüdrətinin yüksəlməsini təmin etdiyi kimi, paytaxtımızın, şəhər və kəndlərimizin simasının dəyişilməsinə də töhfəsini verir. Dünyanın aparıcı dövlətlərinin, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında paytaxt Bakımız füsunkar gözəlliyi ilə liderliyini qoruyur.

Belə ki, dünyanın “Ən yaşamalı şəhərlərinin” reytinq cədvəl və hesabatında yer alan ölkələr arasında Bakının adının çəkilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafın, islahatların məntiqi nəticəsidir. Cənab İlham Əliyevin «Mən demişəm, bir daha demək istəyirəm ki, vaxt gələcək deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir» sözləri günümüzün reallıqlarında öz əksini tapıb. Hesabatlarda bu fikirlər də xüsusi qeyd edilir ki, Azərbaycan təkcə enerji resurslarının zənginliyi ilə deyil, tarixi, milli-mənəvi dəyərlərə bağlılığı, həm də beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi ilə dünyanın diqqətindədir. Dünyada tanınan elm, mədəniyyət elitasının iştirak etdiyi forumlarda, dialoqlarda iştirak edən qonaqlar qitələri birləşdirən Azərbaycanı müxtəlif mədəniyyətlərin, dinlərin dialoq mərkəzi kimi dəyərləndirirlər. Ölkəmizə beynəlxalq baxış belədir: Avropadan Azərbaycana baxdıqda bəzi hallarda Asiya ölkəsi, Asiya tərəfindən baxdıqda isə Avropa ölkəsi kimi təqdim edilir. «Neft kapitalının insan amilinə çevrilməsi» çağırışına uyğun inkişafda olan Azərbaycan daim yeniləşən, müasirləşən ölkədir. Təbii ki, bu inkişaf paytaxt Bakı ilə yanaşı, bölgələri də əhatə edir. «Bakının özünəməxsus, spesifik aurası, tarixi, tarixi siması vardır» söyləyən Prezident İlham Əliyevin təsdiqlədiyi «Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrası nəticəsində paytaxt Bakımız müasirliklə qədimliyi tamamlayır.

Son 18 ildən artıq dövrdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda həyata keçirilən abadlıq-quruculuq işləri şəhər sakinlərinin, qonaqların, turistlərin istirahəti üçün salınan parklar, qədim memarlıq abidələrinin bərpası və təmiri Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında «Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Qeyd etmək lazımdır ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir» fikirləri ilə paytaxt Bakının keçdiyi inkişaf yolunun aydın mənzərəsini təqdim etmişdir.

Dövlət başçısı İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında «Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu «Qafqazın Xirosiması»” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib» kimi reallıqları diqqətə çatdıraraq yaşananların fonunda Azərbaycan xalqının heç zaman ruhdan düşmədiyini, daim quruculuqla məşğul olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı sessiyada bu istəyimizi də ifadə etdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır: «Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır.»

Ləman Hacıyeva,
YAP Xətai rayon təşkilatının fəalı, BMU-nun tələbəsi