29 iyun 2022 23:19
807

Regionun ən dinamik inkişaf edən ölkəsi

Keçən əsrin sonlarında müstəqillik qazanan Azərbaycanın xarici siyasət kursunun əsasında müstəqilliyin möhkəmləndirilməsi, təhlükəsizliyin, ərazi bütövlüyünün və iqtisadi maraqların təmin olunması əsas istiqamət və prioritet məsələ idi. Dövlətçiliyin dönməzliyinə nail olmaq, ölkəni tədricən həmin dövrə qədərki  siyasi təsir dairəsindən çıxarmaq, mövcud ənənəvi iqtisadi, mədəni və siyasi əlaqələrdən səmərəli istifadə edərək Azərbaycanın Şərqlə Qərb arasında özünəməxsus yer tutması üçün beynəlxalq aləmə inteqrasiya əlaqələrini sürətləndirmək lazım idi.  1992-ci il martın 2-dən etibarən dünyanın ən ali təşkilatı olan BMT-yə üzv olan ölkəmiz Azərbaycan həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni təcavüzünün beynəlxalq aləmdə qınaq obyektinə çevrilməsinə, güclü erməni havadarlarının təzyiq və təhdidlərinə qarşı mühüm sənədlərin imzalanmasına, Qərar və Qətnamələrin qəbul edilməsinə nail oldu. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun sürətlə artması qlobal məsələlərin həllində söz sahibinə çevrilməsinə, ötən müddət ərzində bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə imkan verdi. Beynəlxalq tədbir, forum, sessiya, idman yarışları, mədəni tədbirlərin və s. təşkil olunmasında regionun lider dövlətinə çevrilən Azərbaycanın paytaxtı Bakının tarixi simasını qorumaqla sürətlə müasir görkəmdə inkişafı, inşa olunan inzibati binaların, idman obyektlərinin, park və yaşıllıqların salınması, çoxminli turist və qonaqların qəbul edilməsi üçün otellərin tikintisi də iqtisadi inkişafın göstəricisi kimi qiymətləndirilmədir.

Cari ilin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında Prezident İlham Əliyev Bakının gözəl memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirdiyini vurğulamaqla yanaşı paytaxt ilə yanaşı digər şəhərlərimizin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunduğunu qeyd etdi. “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi”nin 30 il müddətində işğal dövründə erməni vandalları tərəfindən tamamilə dağıdılan  şəhər və qəsəbələrimizin yenidən qurulması üçün strateji planlama və səmərəli əməkdaşlığın  vacibliyi prioritet məsələdir.

Vətən müharibəsində əldə olunan qələbə qarşıya mühüm vəzifələr qoydu.  Qələbədən dərhal sonra işğaldan azad edilmiş torpaqlarda abadlıq, yenidənqurma, bərpa işlərinə sürətlə start verilməsi, infrastrukturun bərpası bir daha göstərdi ki, məqsəd təkcə torpaqları azad etmək deyil, 30 il müddətində inkişafdan geri qalan ərazilərimizin sürətlə inkişaf etdirilməsidir. Çıxışında layihələrin icrası, yenidənqurma işlərinin bərpası zamanı sürətlə yanaşı keyfiyyətə üztünlük verildiyini qeyd edən Prezident İlham Əliyev böyük işlərin görüldüyünü diqqət mərkəzinə çatdırdı. Coğrafi mövqeyi, potensialı nəzərə alınmaqla yenidən salınan şəhər, qəsəbə və kəndlərdə layihələrin icrası üçün beynəlxalq dəstəyin vacib olduğunu qeyd edən ölkə başçısı artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirildiyini bildirdi. Dünya birliyinə sürətlə inteqrasiya edən ölkəmiz iqtisadi inkişaf tempi, həyata keçirdiyi iqtisadi və sosial layihələri, pandemiya ilə mübarizədə qabaqlayıcı addımları, Vətən müharibəsindəki həmrəyliyi ilə olduğu kimi Qarabağımızda aparılan abadlıq-quruculuq işlərində də dünyaya yeni bir “Azərbaycan modeli” təqdim edəcəyi heç kimdə şübhə yaratmır.

Loğman Müslümov,
Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini