İyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sessiyada videoformatda çıxış edərək qeyd etmişdir ki, “Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır. Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır.”
Azərbaycan indiyə qədər saysız beynəlxalq səviyyəli müxtəlif tədbirlərə çox uğurla ev sahibliyi edib. Bütövlükdə, ölkəmizin həm geostrateji mövqeyi, həmçinin paytaxtımızın inkişaf edən şəhərlərdən biri halına gəlməsi regionda Bakının dəyərini və əhəmiyyətini artırır. Buna qədər Azərbaycan bir sıra yarışlara ev sahibliyi edib. İlk Avropa Oyunları, İslam Oyunları və bir çox nüfuzlu idman turnirləri və beynəlxalq beyin mərkəzlərinin önəmli siyasi tədbirləri paytaxt Bakıda keçirilib. Bundan əlavə, NATO ilə Rusiya silahlı qüvvələri arasındakı danışıqlarda da neytral şəhər kimi Bakı mühüm əhəmiyyətə malik olub. Cənab Prezidentin Ümumdünya Şəhər Forumunda səsləndirdiyi fikirlərin böyük əhəmiyyəti var. Azərbaycanda gələcəkdə Ümumdünya Şəhər Forumunun növbəti sessiyası keçirilə və Bakı bu sessiyanın keçirilməsində əhəmiyyətli rollardan birini oynaya bilər. Xüsusən də “Formula-1” yarışlarından sonra paytaxtımızın xüsusən turizm potensiyalı daha da artıb. Bu baxımdan, fikrimcə, Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının ölkəmizdə keçirilməsi labüddür. Yəqin ki, biz yaxın vaxtlarda artıq növbəti sessiyanın Bakıda keçirilməsi ilə bağlı qərarla tanış ola biləcəyik. Bütövlükdə həm paytaxt Bakı, həm də işğaldan azad edilən Şuşa şəhəri bu gün dünyanın önəmli müzakirələrinin aparıldığı, mühüm beyin təşkilatlarının tədbirlərinin keçirildiyi önəmli məkanlardan birinə çevrilib. Paytaxtımızın qlobal əhəmiyyətinin artması Ümumdünya Şəhər Forumu və bu qəbildən olan bir çox önəmli layihələrin gələcəkdə Bakıda keçirməsilməsinə zəmin yaradır.
Azərbaycanın regionda və dünyada nüfuzunun artması onu həm iqtisadi, həm də siyasi cəhətdən daha da gücləndirir. Ölkəmiz dünyada ən etibarlı tərəfdaş kimi bütün dünya ölkələri tərəfindən xüsusi rəğbətlə qarşılanır. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma və abadlıq işləri dünya mediası tərəfindən diqqətlə izlənilir. Bu rayonlarda geniş infrastruktur layihələrinin sürətlə icra olunması, logistik mərkəzlərin yaradılması ölkəmizin beynəlxalq imicini daha da artıraraq dünyanın söz sahibi ölkələrindən birinə çevirir. Aparılan praqmatik və çevik diplomatiya sayəsində Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycanın beynəlxalq təşkilatlarda da mövqeyi güclənmişdir. Ölkəmizin qlobal iqtisadiyyatda artan rolu, dövlətimizin çoxsaylı nailiyyətlərə imza atması beynəlxalq arenada əlaqələrin gələcəyinə hədəflənən pozitiv mesajlar olmaqla yanaşı eyni zamanda da ölkəmizə olan marağın və rəğbətin təcəllisidir. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin qazandığı bu nailiyyətlərlə fəxr edir. Bu gün Azərbaycan dünyada sülh və təhlükəsizliyin əsas qarantı hesab edilən ölkələr sırasındadır. Respublikamızda baş tutan bütün beynəlxalq konfranslar, yarışlar dünyanın beyin mərkəzlərinin ölkəmizə olan etimadının və etibarının göstəricisidir. Bütün bunlar dünya dövlətləri ilə münasibətlərimizin daha da möhkəmləndirilməsinə, ölkənin iqtisadi inkişafının, rifahının və təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş addımdır və keçirilən görüşlər, aparılan müzakirələr beynəlxalq nüfuzumuzun daha da güclənməsinə zəmin yaradır.
Əli Kərimov,
Pirallahı rayonu Ağsaqqallar Şurasının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir