29 iyun 2022 13:18
791

İqtisadi müstəqilliyimiz böyük qələbəmizi şərtləndirən əsas amildir

İqtisadi müstəqilliyin təmin olunması milli prioritetlər sırasına daxil olan əsas məsələlərdəndir və özlüyündə milli təhlükəsizliyin əsas tərkib hissələrindən biridir. Dövlətin öz iqtisadi müstəqilliyini formalaşdırması və qoruması bilavasitə bütün sahələrə inkişaf gətirir. İqtisadi müstəqillik sabitliyin və cəmiyyətin səmərəli fəaliyyətinin əsas şərtidir. Bu müstəqilliyin mahiyyətində milli iqtisadiyyatın dünya iqtisadiyyatı qarşısında dözümlülük dərəcəsi dayanır, yəni, milli iqtisadiyyat özünü maksimum xarici təsirlərdən, xüsusən də istənilən formalı asılılıqdan qorumalıdır.

İqtisadi müstəqilliyi möhkəm olan dövləti müharibə və digər formalı mübarizələrdə məğlub etmək çətindir. Bu fikrin təsdiqi üçün dünya səviyyəsində bir Azərbaycan nümunəsi var. Şübhəsiz ki, ölkəmizin müharibəyə qədərki inkişafı olmasa, bu müharibədə qazanacağımız zəfər də sual altında ola bilərdi. İstər Ümumilli Lider Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin hakimiyyəti dövründə iqtisadi inkişaf, xarici iqtisadiyyatdan asılılığı minimuma endirmək əsas milli məqsədlər kimi qəbul edilib. İqtisadi gücümüzün artması hərbi sənayemizin inkişafına, ordumuzun güclənməsinə xidmət edib. Bunun nəticəsində Vətən müharibəsi başlananda bizim əlimizdə yetərincə maddi resurslar olub, hər hansı siyasi asılılığa səbəb ola biləcək iqtisadi asılılığımız olmayıb, eyni zamanda ölkədə sosial sabitlik hökm sürüb. Bu isə qələbəmizi daha da sürətləndirib. 
İqtisadi müstəqilliyimizin olması bizə imkan yaratdı ki, heç kimdən çəkinmədən öz qələbəmizi beynəlxalq ictimaiyyət qarşısında da təsdiq edək.
Post-müharibə dövründə də iqtisadi inkişafımız daha yüksək dinamika ilə artır. Dövlət başçımızın bu sahədə atdığı qətiyyətli addımlar iqtisadi müstəqilliyimizi daha da möhkəm, daha da dayanıqlı edir.

Ramil Rüstəmov,
SOCAR Neft Kəmərləri idarəsinin əməkdaşı