28 iyun 2022 22:14
930

Azərbaycanla Özbəkistan arasında əlaqələr ən yüksək səviyyəyə çatıb

Azərbaycanla  Özbəkistan arasında yüksək  səviyyəyə çatmış əlaqələr xüsusilə Ulu Öndərimizin Azərbaycana birinci dəfə  rəhbərlik etdiyi illərdən başlayaraq inkişaf etdirilib. Ulu öndər Heydər Əliyev özbək xalqına hər zaman  böyük sevgi ilə yanaşırdı. Qardaş Özbəkistan dövləti Ümummilli Liderimizin bu fəaliyyətini yüksək dəyərləndirib, ulu öndərimizə hər zaman ali ehtiramla yanaşıb, türk dünyasının böyük oğluna özünün yüksək sevgisini və rəğbətini ifadə edib. Bu günlərdə biz bunun Özbəkistanda Ulu öndərin xatirə guşəsinin açılışında bir daha şahidi olduq.

Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı hər zaman Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Türkdilli dövlətləri ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər birləşdirir ki, bu da ökələrimizin qarşılıqlı səmərəli fəaliyyəti və əməkdaşlığı üçün baza rolunu oynayır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Özbəkistana dövlət səfəri çərçivəsində ən müxtəlif mövzularda ətraflı müzakirələr aparılmış, ölkələrimiz arasında strateji münasibətlərin daha da inkişaf etməsinə böyük töhfələr verəcək sənədlər imzalanmışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına Azərbaycanda dövlət səviyyəsində daim xüsusi diqqət verilir, bu səfər sıçrayış xarakterli səfərdir və iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün əsas olacaq.

Özbəkistan dövləti artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Bütün beynəlxalq təşkilatlarda, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Bu gün Özbəkistan artıq azad Qarabağımızda quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının dövlət başçısının təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub. İnanırıq ki, Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcəkdir.

Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri