28 iyun 2022 15:30
864

Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ başlayır

Azərbaycanın böyük geosiyasi və iqtisadi əhəmiyyət kəsb edən iki regional lider dövlətin - Cənubi Qafqazda öz liderliyini sübuta yetirmiş Azərbaycanın və Mərkəzi Asiyanın regional lider dövləti Özbəkistanın geosiyasi hadisələr fonunda həm kəmiyyətcə, həm də keyfiyyətcə əsas tərəfdaşı olduğunun göstəricisidir.

Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 21-də pandemiyadan sonra ilk rəsmi səfərini Özbəkistana etməsi ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürü, ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir. Çünki dövlət səfəri ölkələrarası münasibətlərin inkişafında böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycan Prezidentininin səfəri həm də regional baxımdan böyük önəm daşıyan hadisə olmaqla, iki dost ölkə lider prezidentlərinin hədəfi səmimi dostluğu dərin strateji tərəfdaşlığa və hərtərəfli əməkdaşlığa çevirməkdir. Şübhəsiz ki, zəngin mədəni, tarixi və dövlətçilik ənənəsi olan Özbəkistanla Azərbaycanın strateji müttəfiqliyi regionda da əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına və inkişafa təkan verəcək.

Prezident İlham Əliyev Özbəkistana səfərini sıçrayış xarakterli səfər adlandırıb

Müstəqilliyimizin ilk illərində Azərbaycandakı siyasi hakimiyyətin yetərincə xalqlarımız arasındakı münasibətə diqqət yetirməməsi səbəbindən kifayət qədər qənaətbəxş deyildi. Daha sonra xalqın siyasi iradəsi ilə 1993-cü il iyunnu 15–də xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev iki qardaş xalq arasındakı əlaqələri inkişaf etdirmişdir. Belə ki, 2 oktyabr 1995-ci ildə Özbəkistan və Azərbaycan arasındakı diplomatik münasibətlər quruldu. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. İki ölkə arasında tarixin sınağından keçmiş hər iki ölkə uzun illər SSRİ-nin müttəfiq respublikaları olublar. Ancaq həmin dönəmdə Azərbaycanın digər respublikalarla münasibətləri heç də Özbəkistanla olan münasibətləri qədər sıx deyildi. Ən əsası isə, dövlət başçılarının qarşılıqlı səfərləri münasibətləri yeni səviyyəyə qaldırdı.

İyunun 21-də Azərbaycan Prezidentinin Özbəkistana tarixi xarakter daşıyan səfəri ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf edir. Belə ki, Ulu Öndər özbək xalqına böyük hörmət və dərin sevgi ilə yanaşıb. 1970-ci illərdə də onun Şərəf Rəşidov, 1990-cı illərdə İslam Kərimov ilə dostluğu Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin bugünkü inkişafının təməli olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 iyunda səfəri zamanı Daşkənddə Heydər Əliyev meydanının açılışı, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Ulu Öndər Heydər Əliyev barədə fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının Ümummilli Liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir.

Dövlətimizin başçısı Özbəkistanda Heydər Əliyevin xatirəsinin sevgi və hörmətlə yad edildiyini vurğulayaraq bildirib: "Mənim Özbəkistana səfərim çox əlamətdar hadisədən – Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və gözəl parkın açılışından başlandı. Şavkat Miromonoviç, mən Sizə atamın xatirəsinə belə münasibətə görə Azərbaycan Prezidenti kimi, Heydər Əliyevin oğlu kimi öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Biz bunu çox yüksək dəyərləndiririk".

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin iki qardaş ölkələr arasında bugünükü münasibətlərin daha da genişlənməsinə çalışacağını da vurğulayıb: "Mən atamın işinin davamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırıram. Bugünkü dövlət səfəri bunun əyani təsdiqidir”.

Bir sözlə, Prezident İlham Əliyev Özbəkistana səfərini həqiqətən sıçrayış xarakterli səfər adlandıraraq qeyd edib ki, müzakirə olunan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, bizim gəldiyimiz qərarlara əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.

Sınaqdan çıxmış və bir yumruq kimi birləşən Azərbaycan-Özbəkistan qardaşlıq münasibətləri

Qeyd edək ki, Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəklədiyinə görə ayrıca təşəkkürünü bildirən Prezident İlham Əliyev deyib: “Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi və mən Azərbaycan Prezidenti kimi qardaşım Şavkat Miromonoviçin qardaşlıq dəstəyini həmişə hiss edirdim. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir”.

Azərbaycan Prezidenti İlham Əliyev görüşü zamanı - "Bu gün yeni Özbəkistanı mən özüm üçün kəşf etdim",-deyərək bildirib ki, "Yeni Özbəkistan qardaşımın simasında, sizin simanızda çiçəklənir. Yeni Özbəkistanın həyatı uğurlu olsun, xeyirli olsun. İnşallah, hamımız - özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq".

Bir sözlə, Prezident İlham Əliyevin iyunun 21-də qardaş Özbəkistan Respublikasına dövlət səfərini tarixi səfər olaraq böyük əhəmiyyət kəsb etməklə prezidentlərin şəxsi münasibəti, imzalanmış sənədlərin əhatəsi, iki ölkə arasında imzalanan sənədlər, həmçinin, Azərbaycanla Özbəkistan arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamənin imzalanması strateji tərəfdaşlığın dərinləşdirilməsi və inkişafı istiqamətində atılan növbəti addımlardandır. Və sınaqdan çıxmış və bir yumruq kimi birləşən Azərbaycan - Özbəkistan liderləri arasındakı səmimi münasibətlər və imzalanan mühüm sənədlər ölkələrimizin arasındakı əlaqələrin gələcək inkişafına mühüm təkan verəcəkdir.

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri