28 iyun 2022 13:42
942

Azərbaycanla Özbəkistan arasında münasibətlərdə canlanma müşahidə olunmaqdadır

Ölkə Prezidenti cənab İlham Əliyevin 21-22 iyun 2022-ci il tarixində Özbəkistan Respublikasına dövlət səfəri çox böyük tarixi  əhəmiyyət daşıyır.  Azərbaycan Prezidenti cənab İlham Əliyevin  Pandemiyadan sonra ilk rəsmi səfərinin Özbəkistan Respublikasına olması xalqlarımızın qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir. Səfər çərçivəsində Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə birlikdə Daşkənddə Heydər Əliyev Meydanının aşılışı mərasimində iştirak etmişdir. Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər  Heydər Əliyevə dərin hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun bariz nümunəsidir. Prezident cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri Ümummilli Lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf edir. İki qardaş, dost  ölkə arasında əlaqələrin genişlənməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri olub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra - 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.

Səfər çərçivəsində ölkələrimiz arasında mühüm sahələri əhatə edən çoxlu sayda sənədin, o cümlədən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli tərəfdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin imzalanması cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrıldığını göstərir. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın yol xəritəsidir. Azərbaycan Respublikasının Pezidenti İlham Əliyevin Özbəkistana səfəri, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə məhdud və geniş tərkibdə görüşü, imzalanan sənədlər və hər iki dövlət başçısının səsləndirdiyi fikirlər iki ölkə münasibətlərində dərin əməkdaşlığa əsaslanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu artmaqdadır. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü nəzarət edir. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsirini göstərir. Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır.

Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi əsas məsələlərdəndir.      Görüşün əhəmiyyətli sazişlərindən biri isə  iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıqdır. Bu sahə hər bir ölkə üçün, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. Özbəkistan ordusunün gücü Mərkəzi Asiya regionu üzrə üstün dəyərləndirilir. Məhz bu amilləri dəyərləndirərək hərbi-texniki sahədə fəal əlaqə saxlayacaq, təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək, addımlarımızı planlaşdıracağıq. Ölkə rəhbəri cənab İlham Əliyev  imzalanmış Siyasi Bəyannaməni mahiyyət etibarilə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıran sənəd adlandırıb.

Bir sözlə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri iki türk dövləti arasında münasibətlərin daha möhkəmlənməsi, əlaqələrin intensivləşməsi baxımından tarixi hadisə kimi yadda qaldı. Eyni zamanda bu tarixi əhəmiyyət daşıyan səfər ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verməklə yanaşı, Türk dövlətləri birliyi təşkilatının inkişafina da  gətirib çıxaracaqdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası  Kürdəmir rayon təşkilatının sədri