28 iyun 2022 13:31
1063

Azərbaycanla Özbəkistan arasında imzalanan sənədlər əlaqələrin yeni məzmunla inkişafına xidmət edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 iyun 2022-ci il tarixində Özbəkistan Respublikasına dövlət səfəri edib. Səfər çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daşkənddə azərbaycanlıların yığcam yaşadıqları ərazidə tikilən Heydər Əliyev Meydanının açılışında iştirak etmişdir.

 Səfərin əsas mahiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan arasında imzalanan əməkdaşlıq sazişləri olmuşdur.

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”, sosial, rəqəmsal, nəqliyyat, bitki karantini və mühafizəsi, sənaye mülkiyyətinin mühafizəsi, sənaye və hərbi sahədə əməkdaşlıq, hərbi-texniki, qanunsuz miqrasiyaya qarşı mübarizə və xarici ticarət istiqamətində hər iki ölkənin mütərəqqi inkişafına xidmət edəcək 2 tərəfli əməkdaşlığa dair ümumilikdə 18 sayda sazişlər və anlaşma memorandumları imzalanmışdır.

İki ölkə ortaq dini, mənəvi dəyərlər, oxşar dil, adət-ənənə və mədəniyyət sahibdir. 21 iyun 2022-ci il tarixində əməkdaşlığa dair imzalanan sənədlər ortaq cəhətləri olan iki ölkənin bir-birinə daha yaxınlaşmasını, əməkdaşlıqlarının daha sürətli və yeni praktiki məzmunla inkişafına xidmət edəcəkdir.

Mövcud əməkdaşlıq potensialını iki ölkənin iqtisadiyyatının inkişafına xidmət edəcək şəkildə istifadə etmək, xüsusilə də qarşılıqlı ticarət həcminin artırılması, sənaye və yüngül sənaye, texnologiyalar, mühəndislik, şərab emalı, qida, inşaat, neft ve qaz, kimya, əczaçılıq, kənd təsərrüfatı sahələrində gələcək yönümlü layihələr və əməkdaşlıq səfərin əsas məqsədidir. Həmçinin bu məqsədlərin əldə olunmasına təşviq üçün ortaq investisiya fondunun yaradılması mövzusunda addımlar atılmışdır.

Gələcək yönümlü ən əsas istiqamət kənd təsərrüfatı istiqamətidir ki, mövcud olan faktorları nəzərə alaraq istehsalın artırılması, potensialın inkişafı məqsədilə strateji yol xəritələrinin hazırlanmasına dair tapşırıqlar verilmişdir. Turizm sahəsində kadr potensialının artırılması və turizm sərgilərinin keçirilməsi, mədəni-insani bağları gücləndirmək istiqamətində, xüsusilə də mədəniyyət və film günləri mövzusundan universitetlər, institutlar, idman və gənclər birlikləri arasındakı əlaqələri gücləndirməyə istiqamətlənmiş addımlar nəzərdə tutulmuşdur.

Əməkdaşlığa dair atılan addımlar hər iki ölkənin iqtisadi inkişafına müsbət xidmət edəcək, iki ölkə arasında mövcud səmimi dost münasibətlərini daha da dərinləşdirəcək.

Aytac Rüstəmli,
YAP fəalı