28 iyun 2022 12:40
1237

Azərbaycan-Özbəkistan münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir

Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət keçmiş SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.

İkitərəfli siyasi münasibətlər - Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılıb. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri də bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyırdı. Səfər zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılması, 20-dək sənədin imzalanması, Prezident İlham Əliyevin ən yüksək səviyyədə qarşılanması, Özbəkistan Prezidentinin Azərbaycan və Ulu Öndər haqqında söylədiyi fikirlər bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığını göstərir.

Özbəkistan, eyni zamanda, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələlərdə hər zaman Azərbaycanın yanında olub, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib. Yəni, bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüququn əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb. Həmçinin, 44 günlük Vətən müharibəsindən sonra da Özbəkistan həm qardaş təbrikini çatdırıb, həm də işğaldan azad edilmiş ərazilərin postmüharibə dövründə bərpasına öz dost köməyini bəyan edib.

Katya İbrahimli,
YAP fəalı