2020-ci il 27 sentyabr tarixində başlanan 44 günlük Vətən müharibəsində Azərbaycanın öz doğma torpaqlarını erməni işğalından azad etməsindən sonra ölkəmizin nüfuzu dünyaya bəyan oldu. Azərbaycan regionda söz sahibi olan güclü dövlətə çevrildi. Hətta, Azərbaycanın irəli sürdüyü təkliflər, təşəbbüslər həm region ölkələri, həm də dünyanın ən güclü, inkişaf etmiş dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Bu qalibiyyət Azərbaycanın müxtəlif ölkələrlə əlaqələr yaratmasına da müsbət təsir göstərir. Son geosiyasi vəziyyətlə əlaqədar Azərbaycanın yerləşdiyi “orta dəhliz”in əhəmiyyətini xüsusi qeyd etmək olar. Zəngəzur dəhlizinin reallığı isə türk xalqlarının birləşməsi baxımından əhəmiyyətli mövqeyə malikdir. Ona görə də bu vəziyyət Özbəkistanla da münasibətdə yeni perspektivlər yaradır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Eyni etnik kökə, eyni dinə sahib olan Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf etməkdədir.
Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra - 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.
23-24 mart 2004-cü il Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” iki ölkə arasındakı münasibətlərdə rəsmi tərəfdaşlıq qazandırıb. Mövcud münasibət bu gün də iki ölkə arasında bir-birinə qarşı ardıcıl dəstək nümayiş etdirir.
Cənab İlham Əliyevin Özbəkistana indiki- 21-22 iyun 2022-ci il səfəri isə əməkdaşlıq əlaqələrinə yeni impuls verəcəkdir. Bu səfər 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə üst-üstə düşür. Görüşün gündəliyinə Azəbaycan-Özbəkstan münasibətlərinin strateji baxımdan gücləndirilməsi və əməkdaşlıq əlaqələrinin daha da şaxələndirilməsi möhkəmləndirilməsi dayanır. Səfər zamanı 19 sənədin imzalanması nəzərdə tutulur. İmzalanacaq mühüm sənədlər sırasında “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i də var.
İyunun 21-də Daşkəndin Mirabad rayonunda azərbaycanlıların yaşadıqları ərazidə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Heydər Əliyev Meydanı yaradılmışdır.
Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.
Meydanın mərkəzi hissəsində Ulu Öndər Heydər Əliyevin böyük memorial kompleksinin ucaldılmsı Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının, dostluğunun təzahürüdür.
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış oldular. Bu o deməkdir ki, hər iki dövləti birləşdirən dərin milli-mədəni ənənələrinin, zəngin etnoqrafiyasının eyni zamanda köklü və qədim tarixə malik dövlət olmasıdır.
Qeyd etmək lazımdır ki, rəsmi Daşkənd keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, 2021-ci il martın 31-də Türk Dövlətləri Birliyinin videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş eyni qurumun VIII Zirvə Görüşündə isə Özbəkistanın dövlət başçısı ölkəsinin vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini açıqlayıb. Qarabağın bərpasında da Özbəkstan şirkətlərinin iştirakı gözlənilir. Özbəkistan höküməti tərəfindən Füzulidə inşa olunacaq məktəb qardaşlığın rəmzi olacaqdır. Yeri gəlmişkən, artıq bu istiqamətdə işlərə başlanılıb.
Bundan başqa, prezidentlər beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi apararaq, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun və qarşılıqlı dəstəyin inkişafı məsələlərini müzakirə etdilər.
Görüş zamanı Prezident Cənab İlham Əliyev öz nitqində demişdir:
“Vətəndaş müharibəsi dövründə xalqın iradəsi ilə məhz Heydər Əliyev 1993-cü ildə vətəndaş müharibəsini dayandırdı və ölkəmizi inkişaf yoluna çıxartdı. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, islahatlar, inkişaf – bütün bunlar onun adı ilə bağlıdır və biz fəxr edirik ki, onun işini davam etdiririk. Vəfatından bir qədər əvvəl öz siyasi vəsiyyətində Azərbaycan xalqına müraciətlə demişdi: “Mənim edə bilmədiklərimi mənim davamçılarım edəcəklər”. Biz, onun davamçıları fəxr edirik ki, onun bütün vəsiyyətlərini həyata keçirmişik və ilk növbədə, tarixi ədaləti bərpa etmişik, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmişik”.
“Mənim bugünkü dövlət səfərim təkcə bizim niyyətlərimizin təsdiqi deyil, həm də qardaşlıq, dostluq münasibətlərimizin möhkəm təməlinin təsdiqidir. Özbəkistanda Heydər Əliyevin özbək xalqına, Özbəkistana münasibətini çox yaxşı bilirlər. Bu gün biz mənim qardaşım Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanı müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlət kimi görməyə çox şadıq. Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanın müstəqilliyinin, müdafiə qabiliyyətinin, iqtisadi potensialının möhkəmlənməsi, sosial məsələlərin həlli, şəhərsalma sahələrində necə böyük uğurlar qazandığını görmək üçün son 5-6 ilə aid statistik rəqəmlərə baxmaq kifayətdir. Biz bütün bunları görürük və dostlar, qardaşlar kimi bütün bunlara görə sevinirik”.
Ümüd edirəm ki, Azərbaycan və Özbəkistan arasında olan bu sarsılmaz dostluq məşəli ölkələrimizin və xalqlarımızın rifahı naminə daim şölələsin! Yaşasın Azərbaycan-Özbəkistan dostluğu.
Xalisə Məmmədova,
Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin direktor vəzifəsini icra edən
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir