24 iyun 2022 12:39
751

Azərbaycan və Özbəkistan münasibətləri yüksək şəkildə inkişaf edir

Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar və daim bir- birinə dəstək olublar. Hətta 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.

Azərbaycan və Özbəkistan arasında diplomatik əlaqələr 1995-ci ilin oktyabr ayının 2-də Heydər Əliyevin birinci prezidentliyi dövründə qurulmuşdur. Və bu günə qədər yüksək səviyyədə davam etdirilir. İki qardaş xalq arasında münasibətlər daim diqqət mərkəzində olmuşdur. 21-22 oktyabr 1996-cı il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlərin Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi ƏmirTeymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olarkən dövlət başçılarının Forumunda çıxış edib. O bildirib ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir. 19 iyun 1997-ci il tarixdə Azərbaycan Prezidentinə Daşkənd Universitetinin fəxri doktoru diplomu təqdim olunub.

Ulu Öndər Heydər Əliyevin yolunun və siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsini şərtləndirir. 23-24 mart 2004-cü il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasında dövlət səfərində olub. Görkəmli Azərbaycan və özbək klassikləri – ƏlişirNəvai, Mirzə Uluqbəy, Nizami Gəncəvi, NəsirəddinTusi, Məhəmməd Füzulivə bir çox başqalarının yaratdıqları əsərlər təkcə Şərq xalqlarının deyil, həm də bütün dünya sivilizasiyasının inciləri, dəyərli sərvətidir. Elə bunun nəticəsidir ki, Bakıda ƏlişirNəvainin, Daşkənddə isə Nizami Gəncəvinin abidələri ucaldılmışdır. Özbəkistan Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvi adınadır. Azərbaycanda isə bir qəsəbə Nəvainin adını daşıyır. Özbəkistanda yaşamış əslən azərbaycanlı olan şair Maqsud Şeyxzadənin əsərləri özbək ədəbiyyatının gözəl nümunələridir. Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun özbək yazıçısı Şərəf Rəşidovun əsəri əsasında yaratdığı “İki qəlbin dastanı baleti” dünya musiqi sənətinin incilərindəndir.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkələrimiz arasında mədəniyyət, elm, təhsil, turizm sahələrində əməkdaşlığın inkişafında xüsusi rol oynayır. HeydərƏliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 2010-cu ildə 27 sentyabrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Baş Naziri (indikiprezident) cənab Şavkat Mirziyoyev tərəfindən açılışı olmuşdur.

Sözügedən Mərkəzlər daimi olaraq Özbəkistandakı HeydərƏliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə əlaqəli şəkildə fəaliyyət göstərir, daim iki xalq arasında dostluq, əməkdaşlığa həsr olunan birgə layihələr həyata keçirilir.

Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb. Bir təhsil işçisi və füzulili olaraq bu addım məni də çox sevindirir.

Əminik ki, ortaq mədəniyyətə əsaslanan Azərbaycan-Özbəkistan dostluğu, qardaşlığı daha da möhkəmlənəcək və inkişaf edəcək.

Məhərrəm Orucov, 
Qayıdış qəsəbə 6№li tam orta məktəbin direktoru