Bildiyimiz kimi iyunun 21-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Özbəkstana rəsmi səfəri baş tutub.Səfər çərçivəsində həyat fəaliyyətimizin bütün sahələrini əhatə edən 20-yə qədər mühüm sənədlər imzalanmışdır.
Son dövrlərdə ölkəmizin Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərində də canlanma müşahidə olunur. Hər iki ölkə arasındakı əlaqələrin tarixi çox illər əvvələ dayanır. Uzun illər hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olub. XX əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. 1966-cı ilin aprel ayında Özbəkistanda baş verən dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.
Hal-hazırda Azərbaycan Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Dağlıq Qarabağ probleminin həllində Özbəkistan həmişə dinc, siyasi vasitələrlə məsələnin həllinə tərəfdar çıxıb və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını əsas şərtlərdən biri hesab edib. İkinci Qarabağ müharibəsində Azərbaycanın dəstəkləməsi və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır"sözləri qardaşlığımızın əyani sübutudur. Hər iki ölkəni ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir ki, bu da Azərbaycanın uğurlarına Özbəkistanın həmişə ürəkdən sevinməsinə səbəb olur.
Ölkələrimiz arasında hər zaman mədəniyyət, incəsənət, elm, təhsil, humanitar sahələrdə əməkdaşlıq inkişaf edir və daha da irəliləyir. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlarda böyük quruculuq işləri aparılır. Bu torpaqlar bütün dünyanın gözü qarşısında yenidən çiçəklənən diyara çevrilir. Bu nəcib işə öz töhfəsini verməyə şad olan Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcək xəbəri biz təhsil işçilərini qürurlandırdı. Bu məktəbin hər iki ölkənin qardaşlığının yeni rəmzi olacağına inanırıq. Əminik ki, azad Qarabağda aparılan quruculuq işlərinə qardaş ölkə daha böyük töhfələr verəcək, iki ölkə arasında əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri daha da inkişaf edəcək. Biz buna əminik.
Ləman Əliyeva,
Horadiz şəhər 2 saylı tam orta məktəbin direktoru
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir