İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
Sovet dönəmində türk xalqlarının qarşılıqlı münasibətlərinə yaradılmış maneələrə, siyasi təqiblərə baxmayaraq xalqlarımız arasında əlaqələr davam etdirilib. Özbəkistanla Azərbaycan arasındakı bu gün özünün yüksək inkişaf səviyyəsinə çatmış ədəbi-mədəni əlaqələr xüsusilə Ulu Öndərimizin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə inkişaf etdirilib.
İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxışında bildirmişdir: “ Bizim ölkələrimiz arasında dostluq münasibətlərinin, iki xalqın tarixi əlaqələrinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük töhfəsini xüsusi qeyd etmək istərdim. Onunla Özbəkistanın rəhbərləri Şərəf Rəşidoviç Rəşidov, daha sonra İslam Abduqəniyeviç Kərimov arasında etimada əsaslanan səmimi münasibətlər yaranmışdı. Bizim liderlər arasında dostluq iki ölkənin və iki qardaş xalqın sıx qarşılıqlı əlaqə saxlamasına, fəal mübadilələri, o cümlədən humanitar mübadilələri inkişaf etdirməsinə imkan verib. Azərbaycan xalqının Ümummilli Lideri özbək xalqına həmişə böyük hörmətlə yanaşırdı. Hərtərəfli savadlı və əsl ziyalı insan olan Heydər Əliyev bizim tariximizə, mədəniyyətimizə və ənənələrimizə səmimi heyranlığını bildirirdi. Məsələn, 1996-cı ildə Daşkənddə olarkən, Heydər Əliyev Teymurilər Tarixi Muzeyini ziyarət edərək Fəxri qonaqlar kitabında yazdığı qeyddə xüsusi olaraq vurğulamışdı: “Əmir Teymurun xidmətlərinə, onun tarixi irsinə qayğıkeş, hörmətli münasibətə görə Özbəkistan xalqı çox sağ olsun”. Bu, yüksək mənəviyyat və müdriklik təzahürüdür. “
Bu illərdə Azərbaycan və Özbəkistanda qarşılıqlı olaraq teatr və mədəniyyət günləri , incəsənət sərgiləri, ədəbiyyat və incəsənət günləri keçirilib, iki qardaş xalqın bir-birinə daha da yaxınlaşması üçün mühüm tədbirlər görülüb. Həmçinin bu dövrlərdə dahi klasiklərimizin əsərləri qardaş Özbəkistanın ədəbi-bədii orqanlarında özbək dilinə tərcümə edilərək çap olunub. 70-80-ci illər ədəbiyyatında qardaş özbək xalqı ilə bağlı bədii nümunələrə də rast gəlinir.
Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatdı. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək deyib: “Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar”.
Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra - 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.
Azərbaycan-Özbəkistan münasibətləri Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub. İnşallah çox əminliklə deyə bilərik ki, azad Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcəkdir.
Yaşasın Özbəkistan və Azərbaycan birliyi, qardaşlığı!
Əntiqə Tağıyeva,
YAP Masallı rayon təşkilatı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir