23 iyun 2022 23:47
939

Xalqın rifahı və dövlətin inkişafına həsr olunmuş ömür yolu

Bu gün Azərbaycan tarixinin ən möhtəşəm günlərini yaşayır. Dünya dövlətləri sırasında öz imzası ilə seçilən, nüfuzlu bir dövlətə çevrilən, dinamik inkişafla daim irəli addımlayan, 44 günlük müharibədə qalib gələrək adını öz müasir

tarixinə  qızıl hərflərlə həkk etdirə bildi. Bu şərəfli günlərə qədər keşməkeşli bir tarixi yol keçsə də uçurumun kənarından uzaqgörən liderinin – Heydər Əliyevin sayəsində dönə bildi, mürəkkəb və çıxılmaz vəziyyətdə məhv olmaqdan qurtuldu.

Müstəqilliyimizə qənim kəsilmişlərin, məkrli siyasət yürüdənlərin, hiylələrin qarşısını ancaq Heydər Əliyev kimi dahi siyasətçi, dövlət idarəçiliyində təcrübəsi olan şəxsiyyət duruş gətirə bilərdi və bildi.

Yeni Azərbaycan Partiyasının siyasi meydana atılması ilə yeni Azərbaycan yarandı. Xalqımızın böyük oğlu Heydər Əliyevin yuxusuz gecələri, sağlamlığı, həyatı bahasına müasir Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, xalqın təkidli tələbi ilə Naxçıvanda yaşayan və Ali Məclisin sədri kimi önəmli mövqedə çalışan Heydər Əliyev hakimiyyətə gətirildi. Ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Ali Sovetinin sədri seçildi.

Parlamentin iclasında Heydər Əliyev tarixi çıxışını etdi: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.

 

Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirdi. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət etdi və Azərbaycanın reallıqlara adaptasiyasına müvəffəq oldu. Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail oldu. Ulu Öndər demokratik dəyərlərə hər zaman öz sadiqliyini nümayiş etdirib. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – sözləri də Ulu Öndərə aiddir. Dahi siyasətçi 1993-cü ildən başlayaraq bu amallar uğrunda əsl mübarizə aparıb. Dövlətçiliyin əsaslarının qoyulmasında, müstəqil dövlətin Konstitusiyasının qəbulunda, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsinin qəbulunda Heydər Əliyevin rolu və iştirakı xüsusi olaraq vurğulanmalıdır.

Qısa müddət ərzində demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu. Məhz Heydər Əliyevin uğurlu siyasəti nəticəsində qısa müddət ərzində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Müstəqil Azərbaycanın xarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.

Bütünlüklə liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib. Onun uzaqgörən və müdrik siyasəti nəticəsində çox qısa müddət ərzində ölkəmizdə hər bir sahədə inkşaf və tərəqqi dövrü başladı. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, güclü dövlət olaraq qalib xalq kimi tanınır. Əlbətdə bütün bunlar əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub və Prezidentimiz İlham Əliyev tərəfindən də layiqincə davam etdirilir.

Aliyə Orucova,
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının əməkdaşı