24 iyun 2022 00:57
791

Strateji müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Özbəkistan əlaqələri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21-22 iyul 2022-ci il tarixlərində Özbəkistan Respublikasına rəsmi səfər edib. İki ölkənin bir-birinə “qardaş” münasibətinin təntənəsi olan və iki gün davam edən səfər çərçivəsində 20-yə yaxın sənəd imzalanıb və bir çox tarixi əhəmiyyət daşıyan anlar yaşanıb. Bu səfərin əvvəlkilərdən əsas fərqi səfərin Azərbaycan Prezidentinin qalib ölkənin rəhbəri kimi müharibə dövründə ona dəstək olan tərəfdaş-qardaş ölkəyə səfər mahiyyəti daşıması idi. Ölkə başçımızın təntənəli qarşılanma mərasimi, Ümummilli lider Heydər Əliyevin adını daşıyan Meydanın açılışı, tərəflərin bir-birinə olan münasibəti və imzaladığı Bəyanatlar, strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsi və s. səfərdə əsas önə çıxan başlıqlar idi. Bütün bunların fonunda asanlıqla söyləmək mümkündür ki, bu səfər ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdı.

İki ölkənin tarixi əlaqələrinə nəzər saldıqda aydın olan bir həqiqət var ki, Azərbaycan və Özbəkistan arasında mədəni və siyasi əlaqələr illərin sınağından keçərək bu gün ən yüksək səviyyəyə çatıb. İki qardaş xalqı birləşdirən sadəcə dil, din, soykökü deyil, eyni zamanda ortaq dəyərlər və qarşılıqlı məhəbbətdir. Özbəkistanın ölkəmizin haqq işində daimi dəstəyi və müharibədən sonrakı dövrdə tutduğu mövqe Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Ən azından ona görə ki, Özbəkistan Respublikası Ermənistanla və digər bir neçə post-Sovet dövləti ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ancaq buna baxmayaraq müharibə dövründə Özbəkistan Azərbaycanın yanında mövqe tutdu. İstər Türk Dövlətləri Təşkilatı (Əvvəlki adı ilə - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası), istərsə də Qoşulmama Hərakatı çərçivəsində Azərbaycana dəstək oldu. Mahiyyət etibarilə Özbəkistanın Azərbaycana və Ermənistana münasibətini anlamaq üçün yalnız bir məlumat belə kifayətdir. Özbəkistan bizə o qədər yaxındır ki, bu günə qədər Ermənistanda səfirlik açmayıb, diplomatik əlaqələr qurmayıb. Türkiyə və Pakistanla birgə Özbəkistan üçüncü belə ölkədir. Özbəkistan rəhbərliyi hər zaman bəyan edirdi ki, Ermənistan işğal etdiyi torpaqları Azərbaycana qaytarmayınca İrəvanla diplomatik əlaqələr quulmayacaq. Bu Özbəkistanın Ermənistana qoyduğu yeganə şərt idi. Bu da iki dövlətin, iki xalqın nə qədər yaxın olduğunun aşkar nümayişidir. Müharibədən sonra da bu mövqe davam etdirildi. Qürurverici haldır ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub.

Sözügedən səfərə yenidən qayıtsaq Azərbaycan Prezidentinin rəsmi qarşılanmasından sonra iki dövlət başçısının iştirakı ilə Heydər Əliyev Meydanının açılış mərasiminin keçirilməsini xüsusi olaraq qeyd etmək istərdim. Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşmişdir. Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılmışdır. Bununla yanaşı, ətrafdakı binalar abadlaşdırılmış, meydanın ərazisi tamamilə yenidən qurulmuş, yaşıllıq salınmış və sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Meydanın açılışından sonra ölkə başçımız çıxış edərək bunu, özbək qardaşlarımızın Ulu Öndərə, ortaq tariximizə qardaşcasına münasibəti hesab etdiyini bildirdi. Eyni zamanda bu, həm də Heydər Əliyevin bütün həyatını həsr etdiyi Azərbaycan xalqına hörmətdir deyə ölkə başçımız vurğuladı. Daha sonra Prezidentlərin məhdud və geniş tərkibdə görüşləri baş tutdu. Geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi oldu. Müxtəlif sahələri, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi, əməkdaşlığın gücləndirilməsi, sənaye, sosial, nəqliyyat-logistika, hərbi, qanunsuz miqrasiya ilə mübarizə kimi sahələri əhatə edən sənədlər iki ölkənin məsul nümayəndələri tərəfindən imzalandı. Müqavilə və sazişlərin imzalanması görüləcək işlər üçün vacib sayılsa da, ona əməl etmək də mühüm hesab olunur. Bu baxımdan, prezidentlərin tapşırıqların yerinə yetirilməsini nəzarətdə saxlayacaqları barədə açıqlamaları əlaqələrin intensivləşdirilməsi, iqtisadi qarşılıqlı fəaliyyət, ticarət, əmtəə dövriyyəsinin artırılması, energetika, hərbi, qarşılıqlı beynəlxalq fəaliyyət və digər sahələr üzrə yaxşı nəticələrin əldə olunacağına ciddi əsas yaradır.

Onu da qeyd edək ki, ölkə başçısının səfəri sadəcə Daşkəndlə yekunlaşmadı. Səfərinin ikinci günündə Azərbaycan Prezidenti Özbəkistanın Ürgənc, Xivə, Xarəzm  şəhərlərinə səyahət edərək burada “Nurullaboy” saray kompleksi və İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış oldu. Bu səfərlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkə başçımızı şəxsən müşayiət etdi. Günün sonunda “Kuksaroy” dövlət iqamətgahında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi. Olduqca səmimi abu-havada keçən ziyafətdə konsert proqramı təqdim olundu. Proqramın sonunda Prezidentlər incəsənət ustaları ilə söhbət etdilər. Söhbət zamanı Azərbaycan Prezidenti bildirdi ki, dünən və bu gün bir daha xalqlarımız bir-birinə nə qədər yaxın olduğunu gördüm. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olunurdu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini. Siz Türk mədəniyyətimizi tərənnüm edən ifaçılar, sənətkarlar və mədəniyyət ustadları bizim fəxrimizsiniz. Daha sonra Prezident Şavkat Mirziyoyev qeyd etdi ki,  iqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir. Həqiqətən də iki xalqın mədəni yaxınlığı əlaqələrin inkişafında özünəməxsus yer tutur. Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnir, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərir. 

Sonda bir daha, bu səfərin Azərbaycanın Mərkəzi Asiyada nüfuzunun artmasına, habelə etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləməyə əlavə imkanlar qazandıracağını əminlik ifadə edərək, zəngin mədəni, tarixi və dövlətçilik ənənəsi olan Özbəkistanla Azərbaycanın strateji müttəfiqliyinin regionda da əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına və inkişafa təkan verəcəyini bildirmək istərdim. Bununla yanaşı, şübhəsiz ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri həm də iki ölkənin əlaqələrinin gələcək konturlarının, prioritetlərinin müəyyən edilməsi baxımından tarixi əhəmiyyətə malikdir.

Rüfət Əhmədov,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri