23 iyun 2022 12:21
820

Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunu dünyanın ən güclü 50 silahlı qüvvələrindən birinə çevirib

Bir dövlətin mövcudiyyətini şərtləndirən əsas amillərdən biri onun ərazi bütövlüyüdür. Ərazi bütövlüyünün təminatçısı isə ordudur, dövlətin hərbi gücüdür.

Bildiyimiz kimi, XX əsrin əvvəllərində Azərbaycanda ilk demokratik cümhuriyyətin qurulması üçün tarixi şərait yarandı. Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra 1918-ci ilin 23 iyununda  cümhuriyyət hökuməti belə çətin bir şəraitdə nizami ordunun vacibliyini anladı və özünün silahlı qüvvələrini formalaşdırdı. Təsadüfi deyildi ki, bu ordunu formalaşdırmaq üçün dünya hərb tarixinə öz möhürünü vurmuş Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi hərbçilər seçilmişdi.

Cümhuriyyət ordusu  ilk vaxtlar çar ordusundakı ənənələr üzərində formalaşsa da, sonradan əsas məqsəd bu ordunun milliləşdirilməsi olmuşdu. Bu baxımdan Hərbi Nazirlik qısa zaman ərzində nəzərdə tutulan məqsədə çatmağı bacarmışdı. Bu fəaliyyət sahəsinin dövlət quruculuğunun mərkəzində dayanması həmin dövrdəki ordu quruculuğunun əsas aspektlərindən sayılırdı. Hər şeydən əvvəl bu ordunun bölmə komandirləri qarşısında məqsəd qoyuldu ki, Azərbaycan ordusuna xidmət üçün Xalq Cümhuriyyətinə sədaqət andı içilməlidir. Göründüyü kimi, xalqın dövlətə sədaqəti bütün dövrlərdə dövləti güclü edən əsas şərt sayılırdı.

Lakin müstəqilliyimizin süqutu ilə ordumuz sıradan çıxsa da, 1993-cü ilin iyunundan sonra az öncə qeyd etdiyimiz kimi dövlətə sədaqəti, vətən eşqi ilə yaşayan, cəbhədə qəhrəmancasına vuruşan hərbçilərdən ibarət yeni, müstəqil Azərbaycanın yeni ordusu formalaşdırıldı. Şübhəsiz ki, bu da Ümumilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı idi. Həmin dövrlərdə  çəkilən video-kadrlar indinin özündə də tarixi sübut edən vasitələrdir. Biz o kadrlardan da, şahidlərin dilindən də eşidə bilərik ki, Ulu Öndər Heydər Əliyev orduya xüsusi nəzarət edir, tez-tez cəbhə bölgəsində hərbçilərlə görüşür, onların qəhrəmanlıqlarını yüksək qiymətləndirirdi. Bunun nəticəsində xalq-ordu-dövlət birliyi  sonrakı mərhələdə də müasir ordu quruculuğunun əsas ideyasına çevrildi. Ulu Öndər Heydər Əliyevin bu sahədəki siyasi kursunu da uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunu dünyanın ən güclü 50 silahlı qüvvələrindən birinə çevirdi. Beləliklə də, Azərbaycan Ordusu 30 il ərzində işğal altında olmuş torpaqlarımızı 44 günə azad etdi, zəfər tarixi yazdı.

Yaşasın şanlı Ordumuz !

Könül Mustafazadə,
YAP Nizami rayon təşkilatı “Oqtay Vəliyev küçəsi, 1a” ƏPT-nin sədr müavini