23 iyun 2022 11:22
1055

Azərbaycanın Zəfər tarixi yazmış müzəffər Ordusu var

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cumhuriyyətinin nizami ordusu kimi ilk hərbi hissə - Əlahiddə korpus yaradıldı. Milli Ordunun yaradılması günü 1998-ci ilə qədər hər il oktyabrın 9-da qeyd edilsə də, sonradan varislik prinsipi əsas tutularaq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr günü kimi təsbit edildi.

Ulu Öndər Heydər Əliyev hələ Azərbaycana birinci rəhbərliyi dövründə ordu quruculuğunun vacibliyini bilərək 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etmişdi. Bunun nəticəsi idi ki, C.Naxçıvanski adına Hərbi məktəb milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rol oynamasına səbəb olmuşdu. Məhz həmin kadrlar müstəqillik illərində də ordumuzn əsas sütunlarına çevrilmişdilər.

O da məlumdur ki, 1990-cı illərin əvvələrində Azərbaycanda nizami ordu yox idi, hərbi birləşmələr vahid komandanlığa tabe olmurdu. Kortəbii surətdə formalaşan hərbi dəstələr döyüş meydanında məğlubiyyətə uğrayırdı. Bu da həm əlavə insan itkisi, həm də torpaqlarımızın işğalı ilə nəticələnmişdi.

Lakin 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Bundan sonra ordunun gücləndirilməsi əsas prioritet kimi qiymətləndirildi. Azərbaycan dünyanın böyük gücləri ilə ikitərəfli hərbi əməkdaşlığa başladı, müasir tələblərə cavab verən silah-sürsat, hərbi-texnikalar alındı. Eyni zamanda Azərbaycanın özündə ölkənin hərbi potensialını artırmaq üçün hərbi sənayenin inkişafı gücləndirildi.

Bununla da qısa müddətdə Azərbaycan ordusu dünyanın ən güclü ordularından birinə çevrildi. Bunun nəticəsi idi ki, 2016-cı ilin Aprel döyüşlərində düşmənə böyük zərbə vuran Azərbaycan ordusu zəfər tariximizi yazdı. Belə ki, 44 günlük Vətən müharibəsində ordumuz düşməni darmadağın etdi və bu qələbə ilə Azərbaycan ordusu öz adını dünya hərb tarixinə qızıl hərflərlə yazdı.

Heç şübhəsiz ki, hazırki sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir.

Famil Nəcəfzadə,
Bakı Şəhər Statistika İdarəsində rəis müavini