22 iyun 2022 16:58
903

IX Qlobal Bakı Forumu: Dünyaca məşhur beynəlxalq tədbir

Gülnarə Xudiyeva,
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının məsləhətçisi

IX Qlobal Bakı Forumu genişmiqyaslı beynəlxalq tədbir olaraq iqtisadi və təhlükəsizlik forumlarından daha əhatəlidir. Çünki bu Forumda  dünyada aktual olan bütün müxtəlif aspektli problemlər ətrafında beynəlxalq səviyyədə müzakirələr aparır. Qürurverici haldır ki, Azərbaycan qlobal xarakterli mövzuların, məsələlərin müzakirəsini təşkil edir, bu istiqamətdə yüksək səviyyədə fəallıq göstərir, beynəlxalq foruma ev sahibliyi edir və siyasi arenada özünəməxsus yer qazanıb.

“Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən  IX Qlobal Bakı Forumunda 50-dən çox ölkədən 400-ə qədər nümayəndə, o cümlədən dövlət və hökumət nümayəndələri, sabiq dövlət və hökumət başçıları, gənc liderlər iştirak etmişdir. Bu da IX Qlobal Bakı Forumuna beynəlxalq aləmdə göstərilən maraqdan xəbər verir. İldən-ilə Forumda iştirak edən ölkələrin artan sayı gündəlikdə qoyulan məsələlərin vacibliyinə və bütün dünyanın diqqət mərkəzində olduğuna dəlalət edir.

Sözsüz ki, Qlobal Bakı Forumunu Azərbaycan üçün öz reallıqlarını dünyaya çatdırmaq baxımından güclü bir platforma kimi qiymətləndirmək olar. Azərbaycanın əsas hədəfi o reallıqlara uyğun olaraq regionun inkişafına, həmçinin Ermənistanın 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli Bəyanatın tələblərinə əməl etməsinə nail olmaqdır. Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin IX Qlobal Bakı Forumunun açılış mərasimindəki nitqində də bununla bağlı məqamlar öz əksini tapmışdır.

Təsadüfi deyil ki, Forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Forumun Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada davam etdirilməsi ölkəmiz tərəfindən dünyaya çox mühüm mesajlar verir.

Cənab Prezidentin nitqində üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsinin zəruriliyi bir daha vurğulandı. O cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbin yerinə yetirilməsi sülh və sabitliyin təmin olunmasının təməlini təşkil edəcəyini, bu tələblərin icra olunmadığı təqdirdə digər məsələlərin öz həllini tapmayacağı bir daha bəyan edildi. Dövlətimizin işğaldan azad olunmuş torpaqlarda  sabit, dayanıqlı və inkişaf etmiş region yaratmaq istəyi və artıq Qarabağ münaqişəsinin həllinin buna imkan yaratması kimi faktorlar Prezident  tərəfindən Forumda xüsusi qeyd olundu. Digər tərəfdən, Forumda hazırda dünyada mövcud olan ən aktual məsələlərin fəal müzakirə olunması, problemlərdən çıxış yollarının axtarılması, Albaniya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin fəaliyyətdə olan rəhbərlərinin, çoxsaylı ölkələrin keçmiş rəhbərlərinin, tanınmış ictimai-siyasi xadimlərin, aparıcı ekspertlərin, habelə Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının və s. qurumların rəhbərlərinin iştirakı, Britaniya, İtaliya, Latviya və digər ölkələrin rəhbərlərinin isə müraciətləri bu tədbirə beynəlxalq aləmin xüsusi diqqətlə yanaşdığının bariz nümunəsidir.

Əsası Ulu Öndər tərəfindən qoyulmuş  uğurlu Azərbaycan siyasəti, diplomatiyası, iqtisadiyyatı bu gün müasir dövrümüzün Lideri, Prezident İlham Əliyevin sayəsində dövlətimizin, xalqımızın gələcəyinə xidmət edir.