21 iyun 2022 14:55
796

Ulu Öndər xalqın inamına və etimadına arxalanaraq müstəqil Azərbaycanın təməllərini yaratdı

Tarixdən də aydın göründüyü kimi, müstəqilliyin əldə edilməsi uğrunda ölkədə qarışıqlıq yaranarkən, hakimiyyət uğrunda mübarizə də qızışdı. Nəticədə ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyun ayında  yüksək həddə çatdı. Müstəqilliyin itirilməsi təhlükəsi ilə xalqımız  üz-üzə qaldı. Respublikamızda vətəndaş müharibəsi və parçalanma təhlükəsi yarandı. Xalqımız canı - qanı hesabına əldə etdiyi müstəqilliyi növbəti dəfə itirmək təhlükəsi ilə qarşılaşanda nəzərlərini Ulu Öndər Heydər Əliyevin üzərinə yönəltdi.  Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın və təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. 1993-cü ilin İyunun 15-də Heydər Əliyev  xalqın təkidli  tələbi və yenilməz iradəsi  ilə  Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildi. Ümummilli Lider Heydər Əliyevin ölkənin  Ali Qanunvericilik orqanına  sədr seçilməsi  Respublika  həyatında çox  mühüm və əlamətdar  bir hadisə oldu.  Bu tarixi siyasi qayıdış,  sözün  əsl mənasında  Azərbaycanı  azərbaycanlılara, milləti özünə  qaytardı.  

Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika  əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki ictimai-siyasi vəziyyət olduğu kimi xalqa çatdırıldı. İyunun 18-də Ulu Öndər Heydər Əliyev yaranmış vəziyyətlə əlaqədar xalqa  müraciət ünvanladı. O, xalqımızı  səbrli  olmağa, milli birliyə, vətəndaş  həmrəyliyinə çağırdı. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərini Ali Sovetin  sədri Heydər Əliyevə  verilməsi barədə qərar qəbul etdi. Ordu quruculuğu  sahəsində mühüm və vacib  qərarlar qəbul edildi.  “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada  və müxtəlif  hüquqi  sənədlərdə   dəyişikliklər edildi.  Ulu Öndər Heydər Əliyev  bu  dövrdə  əhalinin  döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun  təbliğat  aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi  tədbirlər  görür, ölkədəki vəziyyət barədə fikirlərini mütəmadi olaraq  xalqla bölüşürdü.

Dahi Lider Heydər Əliyev  parlamentin  sədri kimi  Azərbaycanın strateji maraqları  əsasında ölkənin yeni xarici siyasət  konsepsiyasını, onun beynəlxalq  münasibətlər sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC  hakimiyyətinin  bu sahədə buraxdığı  bağışlanılmaz  səhvləri tezliklə aradan  qaldırıldı. Ali Sovetin  sədri  elmin və təhsilin , mədəniyyətin  inkişafına da böyük diqqət yetirir,  alimlərlə, gənclərlə görüşlər  keçirir, onlara  ölkənin gələcəyi  barədə  dəyərli fikirlərini çatdırırdı.   Ali Sovetin sədri  vəzifəsində çalışdığı müddətdə Ulu Öndər  Heydər Əliyev parlamentin  ruhunu kökündən  dəyişdi, Milli Məclisə  siyasi mədəniyyət  gətirdi.  Onun  fikirlərini  dəqiq əsaslandırması, ümumiləşdirməsi qabiliyyəti  özlüyündə  parlamentin üzvləri  üçün yeni bir örnək və  əsl parlamentarizm məktəbi idi.

Ulu Öndər Heydər Əliyevin Ali Sovetin sədri  vəzifəsində  çalışdığı  qısa zaman  kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının  təməli qoyuldu.   O, qeyd edirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Nəticədə müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi referendum yolu ilə qəbul edildi və noyabrın 27-dən qüvvəyə mindi. 1993-cü ilin  3 oktyabr  Prezident  seçkilərində xalqımız Heydər Əliyevə  səs  verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə  həvalə  etmək niyyətində  olduğunu  bütün  dünyaya  nümayiş etdirdi.  

Ulu Öndər Heydər Əliyevin  ən böyük arzusu işğal olunmuş torpaqlarımızın bu istiladan azad olunması idi və müdrik şəxsiyyət buna inanırdı. Hazırda cənab Prezidentimiz İlham Əliyev nəinki Ulu Öndərin siyasi kursunu davam etdirir, həmçinin onun vəsiyyətlərini də yerinə yetirir. 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsindən bəhs edən Prezident İlham Əliyev böyük qürur hissi ilə demişdir ki, mən bir oğul kimi xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim. Bütün bunlar - hazırkı Azərbaycanın uğurları və onun beynəlxalq səviyyədə nüfuzu Ulu Öndərin  qurduğu strategiyaların düzgün olmasının zəmanətidir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri