22 iyun 2022 02:32
713

Heydər Əliyev dühası Azərbaycanın qlobal dünya nizamında yerini müəyyənləşdirdi

Öz müstəqilliyini ikinci dəfə elan edən Azərbaycan 1990-cı illərin əvvəllərində böyük tarixi sınaqlarla: parçalanmaq, suverenliyini itirmək, vətəndaş müharibəsi, torpaqların işğalı ilə üz-üzə qalmışdı. Bu zaman kəsiyində isə ölkənin rəhbər şəxsləri vahid mərkəzdən idarəetməni pərakəndə halında həyata keçirirdi. Bu isə verilən qərarları əhəmiyyətsiz, təsdiq olunan fərman və sərəncamların isə sadəcə kağız parçası olmasına gətirib çıxarmışdı. Milli Ordu kiçik dəstələrə bölünmüş və hər dəstə müxtəlif siyasi liderin oyuncağına çevrilmişdi. Xaosların, özbaşınalıqların ölkənin müstəqilliyinin sonunu hazırladığını anlayan xalq Naxçıvana-Heydər Əliyevə ard-arda müraciət edir, onu yenidən hakimiyyətə qayıdışa səslədi. Azərbaycan SSRİ-yə rəhbərliyi dönmindən hər şeydən əvvəl xalqını, onun maraqlarını düşünən dahi lider xalqın bu çağırışına cavabsız qala bilməzdi. Və cavabsız qalmadı. 1993-cü ildə mürəkkəb tarixi şəraitdə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qarşısında çox böyük, həm də tale yüklü məsələlər dururdu. “Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir ” məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başlayan ümumilli lider ilk olaraq ölkədə sabitliyi təmin etdi, vətəndaş sülhünə nail oldu, Azərbaycanı parçalanmaq, dövlətçiliyi məhv olmaq  təhlükəsindən xilas etdi. 15 iyun tarixindən cəmi bir neçə ay keçməsinə baxmayaraq artıq ölkədə sabitlik mühiti formalaşmağa başlanılmışdı. Artıq küçələrdə əli silahlı dəstələr dolaşmırdı. Ölkə rəhbərinin verdiyi qərarlar icra olunmağa başlanılmışdı. Ölkədə demokratik, hüquqi və demokratik dövlət quruculuğu prosesinə isə 1993-cü il oktyabrın üçündə start verildi. Həmin tarixdə keçirilən prezident seçkilərində iştirak edən Heydər Əliyev seçicilərin 98.84 faiz səsini qazanmaqla böyük üstünlüklə qalib gəldi. Beləliklə, Azərbaycanın müstəqillik tarixində yeni mərhələ, yeni dövr başlandı. Həmin ilin oktyabrın 10-da isə Respublika Sarayında and içmə mərasimində Heydər Əliyev Azərbaycanda dövlət quruculuğunun əsaslarını və xalqa sədaqətlə xidmət edəcəyini bir daha bəyan etdi.

Ümumilli lider Heydər Əliyev “Başlıca məqsəd müstəqilliyimizi möhkəmləndirmək və gələcək nəsillərə qüdrətli Azərbaycan saxlamaqdır” prinsipi ilə dövlətin möhkəm iqtisadi əsaslarını yaratdı. 1994-cü ilin 20 sentyabr tarixində nəhəng neft müqaviləsi: Əsrin müqaviləsi imzalandı. Müstəqilliyin iqtisadi qarantına çevrilən bu hadisə Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə əlaqəsinin yaranmasına gətirib çıxartdı. Lakin daxili və xarici düşmənlər bununla barışmaq niyyətində deyildi. Buna görə də Azərbaycan dövlətçiliyinə,  Heydər Əliyevə qəti hücuma keçdilər. 1994- və 1995-ci illərdə dövlət çevrilişlərinə cəhd olundu. Lakin qara niyyətli qüvvələr qarşısında Heydər Əliyev-xalq, xalq-Heydər Əliyev birliyini gördülər. Beləliklə də dövlətlə zor dilində, silah gücü ilə danışmaq ənənəsinə son qoyuldu. Ölkədə ordu quruculuğuna başlanıldı, uğurlu Horadiz əməliyyatı məhz ordunun gücünün nümayişinə çevrildi. dağılmış iqtisadiyyatın bərpasına başlanıldı, siyasi təsisatlar formalaşdırıldı. 1995-ci ilin noyabrın 12-də Heydər Əliyevin müəllifi olduğu Konstitusiya ümumxalq səsverməsi ilə qəbul olundu. Qısa müddət ərzində dövlət quruculuğu prosesində inanılmaz nəticələrə imza atıldı və Heydər Əliyev şah əsəri olan müstəqil Azərbaycanı yaratmağa, qorumağa və onu inkişaf etdirməyə nail oldu.

Bir sözlə Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn  hadisə idisə, Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyi ümumilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. bu isə müasir tarixin danılmaz faktıdır. Məhz Heydər Əliyev dühası Azərbaycanın yeni və qlobal dünya nizamında yerini müəyyənləşdirdi. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan addımlar Azərbaycanın bu günki uğurları üçün etibarlı təməl oldu.

Şakir Mikayılov,
Pirallahı rayonu 186 nömrəli tam orta məktəbin direktoru