16 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə paytaxt Bakıda baş tutan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu beynəlxalq medianın gündəmində əhəmiyyətli dərəcədə yer tutdu. Öz əhatə dairəsinə görə əvvəlkilərdən yaxşı mənada fərqlənən Forumda ümumilikdə dünyanın 53 ölkəsindən 400-ə qədər ali və yüksək səviyyəli nümayəndə, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri iştirak etdilər. Bu, ötən illə müqayisədə kifayət qədər yüksək göstəricidir və bu, onun sübutudur ki, Foruma həqiqətən də maraq və ehtiyac var. Forumda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müzakirələrin həmişəki kimi çox məhsuldar olacağına əminliyini ifadə etdi. Məsələyə fərqli bir kontekstdən daha yanaşsaq, bu qədər mötəbər qonaqların iştirak etdiyi Forum Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da yüksək əhəmiyyətə malikdir dəsək yəqin ki yanılmarıq. Məlumat üçün qeyd edək ki, IX Qlobal Bakı Forumunun iştirakçıları iyunun 19-da Qarabağ İqtisadi Rayonuna - Füzuli və Şuşa şəhərlərinə səfər edib və Şuşada Forumun növbəti panel iclasları baş tutub. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafına baxış, eləcə də ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq məqsədilə həyata keçirilən səfərdə qonaqları yerli və xarici media nümayəndələri müşayiət edib. Heç şübhəsiz ki, onlarla hətta yüzlərlə xarici nümayəndənin erməni barbarları tərəfindən törədilən urbusidin acı nəticələrini öz gözləri ilə görməsi və fərqli ölkələri təmsil edən media qurumlarının bunu lentə alması Azərbaycanın dünyada haq səsinin daha ucadan səslənməsi baxımından da müstəsna əhəmiyyətə malikdir.
Ölkə başçımızın Forumdakı çıxışına yaxından nəzər salaq. Təhlükəsizlik məsələləri, ərzaq böhranı, enerji problemi və Azərbaycan-Ermənistan münasibətlərinin əsas gündəm maddələri olduğu çıxışda ilk olaraq diqqət çəkən nüans ərzaq təhlükəsizliyi ilə bağlı fikirlər oldu. Azərbaycan Prezidenti bunun labüd olduğunu və artıq yaxınlaşdığını ifadə etdi. Bu məsələ ilə bağlı daha əvvəl səsləndirilmiş bir neçə nüansı xatırlatmaq istərdim. Belə ki, Prezident İlham Əliyev 2022-ci ilin 12 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsini ən vacib məsələlərdən biri olaraq xarakterizə edərək ölkədə bu istiqamətdə görülən işlərlə bağlı geniş məlumat vermişdi. Eyni şəkildə, cari ilin 12 aprel tarixində keçirilən ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də bu məsələ qaldırılmış, ərzaq təhlükəsizliyi proqramı çərçivəsində, əsasən də dünyadakı ərzaq problemləri ilə əlaqədar cari ilin birinci rübündə 220 milyon manat vəsait ayrıldığı qeyd olunmuşdur. Beləliklə, dünya üçün aktual olan bu məsələ Azərbaycan üçün ilin əvvəlindən etibarən nəzarətdə saxlanılmaqdadır.
Çıxışda digər gündəm maddəsi olan enerji təhlükəsizliyi ilə bağlı fikirlər də diqqətçəkici idi. Azərbaycan Prezidenti dünyada artan neft və qaz qiymətləri ilə bağlı, bu məhsulları istehsal edən ölkələrin yüksək qiymətlərə sevinmədiyini, bu dəyərləndirmələrin düzgün olmadığını bildirdi. Olduqca primitiv olan bu yanaşma həqiqətən də maraq doğurur. Aydındır ki, dünyada ticarətin davam etməsi üçün sabit bazar mühiti olmalıdır. Əks təqdirdə qısa müddətdə qiymətlərin qalxmağı istehsalçıya xeyir gətirsə də, uzun müddətdə proseslərin böhranla nəticələnmə ehtimalı hər kəsi narahat edir. Azərbaycan dünya birliyinin etibarlı və məsuliyyətli üzvü kimi, eyni zamanda da uzun müddət işğaldan əziyyət çəkmiş bir ölkə olaraq əsla müharibəni ya da qeyri-sabit dünya düzənini dəstəkləmir. Azərbaycanın istəyi sabitliyin və sülhün bərqərar olduğu region və dünyadır. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında da səylər buna yönəlib.
Növbəti başlıqlardan biri isə əlbəttə ki, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı idi. Ölkə başçımızın bu məsələdəki mövqeyi də kifayət qədər aydın və dəqiqdir: Cənubi Qafqazda sabit və dayanıqlı inkişaf, inteqrasiya və əməkdaşlıq mühiti. Bunun üçün isə əlbəttə ki, ilk növbədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. Azərbaycan tərəfi bununla bağlı ilkin addımları atıb - komissiya yaradıb. Ermənistan tərəfinin də eyni addımı atdığı təqdirdə danışıqlar başlayacaqdır. Xatırlatmaq istərdim ki, Azərbaycan və Ermənistan rəhbərlərinin cari ilin 6 aprel tarixində baş tutmuş Brüssel səfəri zamanı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlamasına dair razılıq əldə edilmiş və bu barədə hər iki ölkənin xarici işlər nazirlərinə uyğun tapşırıq verilmişdi. Azərbaycan bu məsələdə də maksimum dərəcədə məsuliyyət nümayiş etdirərək üzərinə düşən öhdəliyi yerinə yetirdi. Ancaq erməni xisləti yenə həmişəki kimi işə düşdü və məsələlərin həll olunma istiqamətində konkret addımların atılacağı anda səmərəsiz ləngitmə cəhdləri müşahidə olunmağa başladı. Tam əminik ki, Ermənistan tərəfi də bilir ki, bu cəhdlər onlara heç nə qazandırmır və mənasızdır. Azərbaycan bu günə kimi qarşıya qoyduğu hər məqsədə nail olduğu kimi buna da nail olacaq. Çünki biz haqlıyıq və güclüyük. Üstəlik, Ermənistanın indi Azərbaycan qarşısında həmişəkindən daha az arqumenti var. Ermənistanın məhv edilmiş ordusu və texnikası ilə bundan sonra ən az 10 il özünə gəlməyəcəyi aşkar həqiqətdir. Belə olan halda Azərbaycanla sülhdən ya da 10 noyabr Bəyənatının gərəklərindən yayınmağa çalışmaq Ermənistana nə vəd edir? Başqa bir müharibə? Minlərlə gəncini itirmiş, ordusu-texnikası darmadağın olmuş zəif iqtisadiyyatlı Ermənistana bu lazımdır? Yəqin ki, bu sualın cavabı məlumdur. Çünki, Azərbaycanın səbri ilə oynamağın sonu artıq onlara yaxşı bəllidir. Buna görə də Ermənistan ağılla hərəkət etməli və prosesləri ləngitmək yerinə sürətləndirməyə çalışmalıdır. Yalnız Azərbaycan və Türkiyə ilə əməkdaşlıq dalana çevrilmiş Ermənistanı ağ günə çıxa bilər.
Emin Sarıyev,
Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir