21 iyun 2022 21:17
837

Şəhidlərin xatirəsinə həsr edilən turnir

44 günlük İkinci Qarabağ müharibəsində öz qanı bahasına xalqına qələbə sevincini yaşadan qəhrəman Vətən övladların xatirəsi hər bir ölkə vətəndaşı üçün əzizdir. Vətəninə, millətinə başıucalığı gətirən, şəhidlik zirvəsindən gələcəyə boylanan bu qəhrəmanların adları ilə bağlı indi görülən tədbirlər ara vermir. Cənub mirvarisi Lənkəranda şəhidlərin şərəfinə futbol komandaları yaradılmaqla, həm də vaxtaşırı yarışlar təşkil olunur. Şəhər Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidləri Aqşin Nazim oğlu İbadov və Samir Elçin oğlu Allahverdiyevə həsr olunan mini futbol turnirinin keçirilməsi də Vətən sevdalıların həyat və döyüş yolu barədə gənc nəsillərə məlumat vermək məqsədini daşıyırdı.

Yarış qabağı tədbir oldu. Dövlət Himni oxundu, Vətən yolunda canından keçən oğulların əbədiyaşar xatirəsi bir dəqiqəlik sükutla anıldı. Lənkəran ŞİH başçısının müavini Mikayıl Cəfərzadə tədbiri açıb dedi:- Azərbaycanın müqəddəsliyinə tapınıb haqq savaşımızda qəhrəmanlıq göstərərək əbədiyyət adlı dünyasına qovuşan Vətən oğulların döyüş yolu gənc nəsil üçün nümunədir. Dövlətimizin başçısı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həmişə şəhidlərin xatirəsi əziz tutulur, eləcə şəhid ailələrinin bütün problemlərinin həlli istiqamətində dəyərli işlər görülür. Yüksək amal uğrunda canını fəda edən şəhidlərin xatirəsinə hər zaman diqqətlə yanaşmaq bizim də mənəvi borcumuzdur. Belə qərara gəldik ki, qalib şəhidlər Aqşin Nazim oğlu İbadov və Samir Elçin oğlu Allahverdiyevin xatirəsinə mini futbol turniri keçirək.

Şəhid valideynləri də çıxış edib övladlarına göstərilən əvəzsiz ehtirama görə dövlətə razılığını bildirdilər və onların adı ilə bağlı həyata keçirilən bütün addımlara qəlbən sevindiyini, qürur duyduğunu söylədilər.

Sonra yarışa start verildi. Məktəblilərdən ibarət “Dəmir Yumruq” və “Zəfər Yolu” adı futbol komandaları yaşıl meydançaya çıxdılar. Gərgin oyun başlandı. Futbol komandaları Vətən şəhidlərin xatirəsinin əziz tutulması və onların adlarının gələcək nəsillərə ötürülməsi üçün sözün əsl mənasında meydanda tər töküblər.

Tamaşaçıların marağına səbəb olan oyunda qalib komandaya kubok və oyunda fərqlənən idmançılara diplomlar təqdim edildi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü