Masallı idmançıları Dünya, Avropa çempionatlarında qazandığı qələbələri ilə yaxşı ad qoyublar. Son günlər onların qələbə soraqları bir-birini əvəzləyir. Belə ki, 16 iyun 2022-ci il tarixdə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə U-17 Avropa çempionatında sərbəst güləşçilər arasında qitə çempionatında 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruzanna Məmmədova fəxri kürsünün ən yüksək pilləsinə sahib çıxdı. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandanın üzvü, Tokio 2020 XVI Yay Paralimpiya oyunlarının qalibi, Masallı idmançısı Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə 100 metr məsafəyə brass növündə 1.05:66 nəticə göstərərək dünya çempionatının qızıl medalını ölkəyə gətirdi. 2022-ci il 16 iyunda Ruminiyada keçirilən Avropa Çempionatında yunan-roma güləşi üzrə 60 kiloqram çəki dərəcəsində Məhəmməd Qasımzadə qızıl medal qazandı. Məhəmməd və babası Fariz yarışa getməzdən əvvəl rayonda Qəhrəmanlar Parkı Şəhidlər Abidə Kompleksini ziyarət etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Məhəmməd Qasımzadəni qəbul etdi. Qəbul zamanı rayon rəhbəri dedi: - Məhəmməd, Avropa çempionu yarışında qazandığın qələbə münasibətilə səni təbrik edirəm, gələcək yarışlarinda sənə daha yüksək zirvələr arzulayıram. Əminəm ki, bundan sonra qatıldığın yarışlarda dünya çempionu olacaqsan. Bütün qayğılarına qalmağa hazıram. Azərbaycanın şanlı üçrəngli bayrağını müxtəlif ölkələrdə ucaldan hər bir idmançı ilə qürur duyuram, hər zaman onlara da dəstəyəm. Sən hələ orta məktəbin onuncu sinfində təhsil alırsan. Qalib xalqın övladısan. Mən qürur duyuram ki, bir Masallı oğlu kimi Azərbaycanının idmanını təmsil edirsən. Bu gənc yaşında Azərbaycan Respublikasının bayrağını Ali Baş Komandan cənab İlham Əliyevin, Vətən müharibəsi şəhidlərinin şərəfinə başqa ölkələrdə də ucaldasan. Qələbələrin hələ qabaqdadır. Səndən böyük ümidlər gözləyirəm.
Avropa çempionu Məhəmməd Qasımzadə, Qızılavar kənd sakini, babası Fariz öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, rayon rəhbərinə dərin minnətdarlığını bildirdilər.
Onu da deyək ki, Məhəmməd 8 yaşında yunan-roma güləşi idman növünə maraq göstərir. 2018-ci ildə Gürcüstan Respublikasında keçirilən beynəlxalq turnirin qalibi olmuş, 2019-cu ildə Rusiya Federasiyasında təşkil edilən turnirdə II yerə tutmuş, 2021-ci ildə Türkiyədə keçirilən yarışda II yerə çıxmış və 2019- 2022-ci illər də isə respublika çempionu adını qazanıbdır .
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib